“Aİ-95” benzinin bahalaşması digər sahələrdə qiymət artımına səbəb olacaq? - Açıqlama

“Aİ-95” benzinin bahalaşması digər sahələrdə qiymət artımına səbəb olacaq? - Açıqlama
"Benzinin bahalaşmasının digər sahələrə psixoloji və yan təsirləri olacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında "Aİ-95” və "Aİ-98” markalı benzinin qiymətində baş vermiş artımın digər sahələrə mümükn təsirlərindən danışarkən, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov deyib:

"Heç bir təsirinin olmayacağını demək, yanlış olardı. Strateji məhsulların qiymət artımının bazarda psixoloji və yan təsirləri olur. Son bahalaşma digər sahələrdə fəaliyyət göstərən sahibkarların qərar qəbul etmələrinə müəyyən qədər təsir etməklə, əslində qiymət artımlarını təşviq edir”. 
 
Ekspert düşünür ki, belə vəziyyətlərdə premium və super yanacaq növündən istifadə edən sferalarda, xüsusən də xidmət sahələrində maya dəyəri artacaq: "Maya dəyərinin artması isə artıq müəyyən qədər həmin sahələrdə qiymət siyasətinə yenidən baxmağa əsaslar yaradacaq. Təbii ki, burada alıcılıq gücü faktoru və qiymətə təsir edən digər amillər də var”.
 
Həmsöhbətimiz bildirir ki, orta və uzun müddətli dövrdə belə qiymət artımları hansısa formada məhsul və xidmətlərin istehlak qiymətlərində də əks olunacaq:
 
"Ola bilər bu proses qısa müddətli olsun. Çünki burada dünya bazarında baş verən proseslərin də təsiri ola bilər. Belədə qısa müddətli prosesdə benzinin bahalaşmasının digər sahələrə ciddi təsiri olmayacaq. İnsanların məcburən keyfiyyətli yanacaq növündən keyfiyyətsiz yanacağa doğru istehlakını müşahidə edirik. Nəticədə ekoloji vəziyyət daha da gərginləşir, zərərli tullantıların həcmi artır. Bəzi avtomobillər tez-tez sıradan çıxır. Bu da öz növbəsində ailələrdə əlavə xərc yükü yaradır”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR