Aİ-92 markalı benzin niyə ucuzlaşmadı? - Ekspertdən “bahalaşacaq” açıqlaması
"Azərbaycan hökuməti Aİ-95 və Ai-98 markalı benzinin qiymətini istehlakçılara qarşı sayğısızlıq olmasın deyə aşağı salıb”.
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda xaricdən gətirilən Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin 30 faiz endirilməsinə rəğmən, daxildə istehsal edilən Aİ-92 markalı benzinin qiymətinin dəyişməz olaraq qalması səbəblərinə münasibət bildirərkən neft-qaz məsələləri üzrə mütəxəssis İlham Şaban deyib:
"Azərbaycanda idxal benzinin qiyməti ona görə düşüb ki, sosial şəbəkələrdə bununla bağlı çoxlu fotolar yayıldı və istifadəçilər də bu fonda kifayət qədər presinq etdilər. Türkiyədə benzinin qiyməti 6,50-dən 5,85-5.90 lirəyə qədər düşüb. Azərbaycan dünya bazarında neftin qiymətinin düşməsi fonunda idxal benzinin qiymətini istehlakçılara qarşı sayğısızlıq olmasın deyə aşağı saldı”.
Həmsöhbətimiz Aİ-92 benzinin qiymətinin ucuzlaşmamasını məntiqsizlik adlandırıb: "Yerli Aİ-92 markalı benzinin qiyməti isə adətən daxili bazarda tənzimlənir. Topdansatışda heç bir dəyişiklik yoxdur. Topdansatışda dəyişiklik yoxdursa, onda pərakəndə satışda niyə dəyişiklik olmalıdır? Yaxud, neftin qiyməti bahalaşanda gərək daxildə istehsal edilən benzinin də qiyməti artırılsın. Bu mənada mövcud situasiyada yerli benzinin qiymətinin endirilməməsində əslində bir məntiq var. Ölkəmizdə yerli benzinin qiyməti ancaq artıma meylli olur.
Müəyyən dövrdə amartizasiya xərcləri artanda, məsələn emal sənayesində modernləşmə başa çatandan sonra əlbəttə ki, qiymətlər bahalaşacaq. Ona görə də yerli bezninin qiyməti heç zaman enmir. Müstəqillik dövründən üzü bəri bir dəfə də olsun bunu müşahidə etməmişik”.
Elçin
Sfera.az