Ağsaqqallar Şurasının sədrindən vətəndaşlara ÇAĞIRIŞ
21:34 / 22.03.2020
16841
"Koronavirus pandemiyasına qarşı mübarizədə uğur əldə etmək üçün hər kəs məsuliyyətli davranmalıdırlar. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu epidemiyanın yayılmaması üçün hökumətin həyata keçirdiyi proflaktik tədbirlərlə yanaşı, hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir. Operativ Qərargahın tətbiq etdiyi qaydalara əməl etmək, zərurət olmadıqca evdən çıxmamaq, şəxsi gigiyenaya diqqət etmək vacibdir”.
Bunu APA -ya açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib.
F. Heydərov deyib ki, gənclər koronavirusla mübarizədə məsuliyyətli olmalı, karantin tədbirlərinə riayət etməli, yaşlı nəslə və uşaqlara qarşı xüsusən həssas olmalıdırlar: "Birinci Vitse-Prezident Mehriban Əliyeva bir neçə gün əvvəlki müraciətində xalqımızın bu nəcib xüsusiyyətini bir daha vurğulayıb və qeyd edib ki, biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Bu xəstəliyin xarakterinə görə, daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Dövlət rəhbərliyi bu çətin məqamda da mentalitetimizə hörmətini, hər bir vətəndaşa xüsusi diqqətini göstərir. Mən hər kəsi bu çağırışa qoşulmağa, risk qrupunda olanları daha çox qorumağa, ümumilikdə, hər bir vətəndaşımızı məsuliyyətli olmağa və hökumətin qərarlarına əməl etməyə çağırıram”.
F. Heydərov Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının mühüm əhəmiyyətini də qeyd edib: "Həmrəylik və xeyriyyəçilik bizim xalqımızın nəcib ənənələrindəndir. Prezident İlham Əliyev 1 illik əməkhaqqını bu fonda ianə etməklə özü şəxsi nümunə göstərdi. Mən iş adamlarını bu prosesdə iştirak etməyə çağırıram. Yeri gəlmişkən, dövlət iqtisadiyyatı mümkün zərərlərdən qorumaq üçün öz töhfəsini verdi, 1 milyard manat vəsait ayırdı. İş adamlarımız, imkanlı şəxslərimiz də bu epidemiya ilə mübarizəyə öz töhfələrini verməlidirlər. Əminəm ki, Azərbaycan dövləti bu sınaqdan da üzüağ və uğurla çıxacaq”.