Adil Əliyev daha bir izdihamlı görüş keçirdi - FOTO

Adil Əliyev daha bir izdihamlı görüş keçirdi - FOTO
 

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyini irəli sürən Adil Əliyev növbəti dəfə seçicilərlə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüşdə şəhid ailələri, Qarabağ qaziləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

A.Əliyev çıxış edərək görüşə gələnlərə minnətdarlığını bildirib: "Hamınız mənim üçün əzizsiniz. Sizin hər birinizi tanıyıram. Bilirəm ki, hamınız dövlətə bağlı insanlarsınız".

 

Deputatlığa namizəd qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlu islahatlar aparılır: "Düşmənlər bundan narahat olurlar. Hamı bilsin ki, Azərbaycan dövləti 1990-cı illərdəki kimi deyil, daha güclüdür, qüdrətlidir. Azərbaycan xalqı mərd, mübariz xalqdır. Bunu 2016-cı ilin aprelindəki döyüşlər sübut etdi. Əminik ki, işğal altında olan torpaqlarınız tezliklə azad ediləcək".

 

A.Əliyev xüsusi vurğulayıb ki, deputatlar xalq ilə hökumət arasında körpü rolunu oynamalıdırlar: "Seçicinin problemi həm də deputatın problemidir. Artıq 4-cü dəfədir ki, deputatlığa namizədliyimi irəli sürmüşəm. Ölkə rəhbərliyinin siyasətini dəstəkləyən insan kimi qarşınıza çıxmışam. Deputat olduğum müddətdə daim seçicilərin problemləri ilə maraqlanmışam, bunu özümə borc bilmişəm. Azərbaycanın daha da qüdrətlənməsini istəyənlər Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər. Cənab Prezident İlham Əliyev dünyada nüfuzu olan şəxsdir, o, nüfuzundan istifadə edərək ölkənin irəli getməsi üçün çalışır. Hazırda növbədənkənar parlament seçkilərinə hazırlıq yüksək səviyyədədir. Hər kəs seçkidə iştirak edib, fəallıq göstərməlidirlər. Namizəd olduğum Nərimanov ərazisində yaşayan bütün seçkilərdə fəallıq göstəriblər. Seçkiyə gedin, istədiyiniz namizədə səs verin".

 

Görüş konsert proqramı ilə davam edib. Hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, Xalq artisti Mübariz Tağıyev, Əməkdar artist Ədalət Şükürov seçiciləri səsvermədə iştirak etməyə və Adil Əliyevə səs verməyə çağırıblar. (pravda.az)


OXŞAR XƏBƏRLƏR