Abşeronda müəmmalı hadisə: Silahla otel gözətçisini hədələdi
Otel gözətçisi ilə mübahisə edərək onu qorxutmaq üçün tüfəngdən atəş açaraq qeydiyyat nişanı olmayan avtomobillə qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, hadisə dünən gecə saat 1 radələrində Abşeron rayonu ərazisində baş verib.
Üzərində dövlət qeydiyyat nişanları olmayan "Leksus" markalı avtomobillə Abşeron rayonu ərazisindəki otellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib. Mübahisədən sonra sürücü avtomobili ilə hadisə yerini tərk edib, lakin 15-20 dəqiqə sonra geriyə qayıdıb və özü ilə gətirdiyi odlu silahdan havaya atəş açıb. Daha sonra ərazidən uzaqlaşmaq istədiyi zaman avtomobilini arxaya verərkən orada dayanan "Toyota" markalı avtomobili vurub və oranı tərk edib.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin dövlət qeydiyyat nişanları müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakini Ramil Mirzəyev tutulub. Ondan "Stoger" markalı ov tüfəngi götürülüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.