\"ABŞ-ın Azərbaycanla bağlı perspektivdə böyük planları var\" - Ekspert Kuperin səfərini şərh edir

\
"Kuperin səfəri gedişində ABŞ-ın hərbi kolleclərində təhsil alan soydaşlarımızın sayının artırılması barədə müzakirələr aparılıb”.
 
Sfera.az-a açıqlamasında bu sözləri ABŞ müdafiə nazirinin müavinin müşaviri xanım Laura Kuperin Azərbaycana olan səfərini dəyərləndirərkən hərbi ekspert Üzeyir Cəfərov deyib:
 
"ABŞ-ın müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin ölkəmizə gələrək, dövlət başçısı və müdafiə naziri ilə görüşü Vaşinqton üçün çox əhəmiyyətli idi. Ona görə ki, ABŞ-ın regionda maraqları var. Həmçinin, Əfqanıstanla İraqda həyata keçirdiyi missiyada Amerika Azərbaycanın da dəstəyindən kifayət qədər yararlanır. ABŞ-ın Azərbaycanla bağlı perspektivdə böyük planları da var. Bu plan Xəzər dənizində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin möhkəmləndirilməsi istiqamətindədir. Amerika Azərbaycana bu istiqamətdə maddi yardım da göstərib. Həmin yardım da rabitə naviqasiya avadanlığının, o cümlədən sürətli katerlərin alınmasına yönəldildi. ABŞ Azərbaycan əsgərlərinin NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında missiyasından da məmnundur. Əfqanıstanda sülhməramlılar kontingentində qulluq edən Azərbaycan əsgərlərinin sayının bir qədər artırılması da ABŞ-ı razı salıb. Bundan əlavə, tərəflər hərbi texniki və hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə də maraq göstərirlər. Kuperin səfər çərçivəsində böyük nümayəndə heyətilə iştirak etməsi onu deməyə əsas verir ki, Azərbaycan gələcəkdə də NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında aktiv iştirak edəcək. Bu kimi missiyaların yerinə yetirilməsində Vaşinqtonun Bakıya böyük ehtiyacı var. Regionda Gürcüstandan sonra Ağ Evin daha çox önəm verdiyi ikinci ölkəyik”.
 
Ekspert bu səfər və görüşün İranla bağlı hər hansı bir əlaqəsinin olduğunu düşünmür:
 
"Azərbaycan birmənalı olaraq bildirib ki, öz ərazisindən qonşularına qarşı hər hansı bir hərəkətlərin həyata keçməsinə şərait yaratmayacaq”.
 
Ü. Cəfərov onu da vurğuladı ki, hazırda ölkəmizin ABŞ-dan silah almasına ehtiyac yoxdur:
 
"Bu gün ölkəmizin buna ehtiyacı yoxdur. Son illər İsrail, Belarus, Pakistan, Türkiyə, Rusiya, Fransa və bir sıra digər ölkələrdən silah almışıq. Ona görə də hazırda ABŞ-dan silah almağa o qədər də ehtiyacımız yoxdur. Yalnız hərbi təhsil, azərbaycanlı zabitlərin hazırlanması ilə bağlı ABŞ-la əməkdaşlıq mövcuddur”.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də ABŞ-ın müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş fonunda dövlət başçısı xanım Laura Kuperin səfərinin və ölkələrimiz arasında müdafiə sahəsində məsləhətləşmələrin əməkdaşlığımızın inkişafına əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirib. L. Kuper isə ölkəmizə səfərinin Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıdığını deyərək qeyd edib ki, Vaşinqton Bakı ilə əlaqələrə mühüm əhəmiyyət verir. Xanım Kuper səfər çərçivəsində həmçinin Azərbaycan müdafiə naziri Zakir Həsənovla da görüşüb.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR