ABŞ-da yaşayan bakılı qrossmeyster: “ABŞ-da Azərbaycan şahmatını çox gözəl tanıyırlar”

ABŞ-da yaşayan bakılı qrossmeyster: “ABŞ-da Azərbaycan şahmatını çox gözəl tanıyırlar”
Rəşad Babayev: "Bizə güclü şahmat ölkəsi kimi hörmət edirlər”

Şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq qrossmeyster Rəşad Babayev Azərbaycanın 22 qrossmeysterindən biridir. O, hazırda ABŞ-da yaşayır və şahmat məşqçisi kimi fəaliyyət göstərir. Bununla belə, Rəşad olduğu ölkədə daim Azərbaycan şahmat məktəbinin ənənələrini təbliğ edir, lazım gələndə, bir mütəxəssis kimi yerli şahmatçılara öz tövsiyyələrini verir. Bu müsahibədə qrossmeyster həm özünün şəxsi karyerası, həm də Azərbaycan şahmat məktəbi ilə bağlı fikirlərini bölüşüb. 

- Rəşad Babayev, siz Azərbaycan şahmatının əsas simalarından və təbliğatçılarından birisiniz. Zəhmət olmasa, oxucularımıza öz fəaliyyətiniz barədə ətraflı məlumat verərdiniz?  

- Mən 2010-cu ilə qədər aktiv oyunçu və məşqçi kimi fəaliyyət göstərmişəm. 2009-cu ildə kişilər arasında Azərbaycan çempionu adını qazanmışam. Məşqçiliyə isə hələ gənc yaşlarımdan marağım var idi və demək olar ki, 2010-cu ildən sırf məşqçi kimi çalışıram. 2009-cu ildə ABŞ-a köçərək orada yaşamağa başladım, məşqçi kimi müxtəlif uğurlara imza atdım. Tələbələrim arasında ABŞ çempionları, müxtəlif yaş kateqoriyalarının Top-10-luğunda yer alan şahmatçılar var. Amerika şahmatçıları ilə yanaşı, mən hər zaman Azərbaycan şahmatçılarına da öz köməyimi göstərmişəm və bir çox güclü şahmatçılara təlimlər keçmişəm. 

- Bildiyimizə görə, siz ingilis dilində video-təlimlər keçən tanınmış mütəxəssislərdən biri sayılırsınız. 

- Məşqçi kimi mən artıq çoxdan müxtəlif bloqlar, məqalələr və video materiallar hazırlayıram. Dünyanın ən məşhur və ən kütləvi şahmat saytı olan "chess.com” üçün hazırladığım video dərsləri 20-30 min insan izləyib və bəyənib. "Chess.com” saytı ilə əməkdaşlığım 2016-cı ildə keçirilən Bakı Şahmat Olimpiadasında da davam edib və yarış zamanı mən maraqlı oyunları sayt üçün şərh etmişəm. "Chess.com”la əməkdaşlığımdan sonra mənə bir çox başqa saytlar tərəfindən də əməkdaşlıq, video-dərslər hazırlamaq barədə təkliflər gəldi və gəlməkdədir. 

- Bu yaxınlarda sizin DVD-niz işıq üzü görüb. DVD nədən bəhs edir?

- Bəli, bu yaxınlarda endşpil (şahmatda oyun sonluğu-red) barədə ingilis dilində DVD-im işıq üzü gördü. DVD belə adlanır: "Qrossmeyster Rəşad Babayev ilə Azərbaycanda endşpil məktəbi”. Mən Azərbaycan şahmat məktəbinin yetirməsi və azərbaycanlı olduğum üçün DVD-nin belə adlandırılmasını istədim. İstəyim o idi ki, bütün dünya bizim necə güclü şahmat ənənələrimizin, necə güclü şahmat məktəbimizin olduğunu bilsin. Bu DVD şahmatçılar tərəfindən böyük maraqla qarşılandı. 

- Rəşad, zəhmət olmasa, bizə öz şəxsi şahmat saytınız barədə də danışardınız. 

- www.rashadbabaev.com domeni ilə fəaliyyət göstərən sayt ingilis dilindədir, amma gələcəkdə saytın Azərbaycan dilli versiyasını da açmaq niyyətim var. Saytda çox sayda maraqlı məlumatlar var. Həmçinin burada mənim şahmat karyeram, tələbələr və görkəmli şahmatçıların mənim haqqımda fikirləri də yer alıb. Saytda "Qrossmeysterə sual ver” bölməsində istifadəçilər onları maraqlandıran məsələlər barəsində mənə suallar ünvanlaya bilərlər. 

Yeri gəlmişkən, bu yaxınlarda mənim "GM Rashad Babaev Chess Academy” adlanan "Youtube” kanalım da fəaliyyətə başlayıb. Məqsədim İngilis və Azərbaycan dillərində video dərslər hazırlayıb şahmatçılara, şahmatsevərlərə təqdim etməkdir. Bildiyiniz kimi Azərbaycanda şahmata aid video dərslər və bu kimi materiallar çox azdır. Federasiya bu istiqamətdə vacib işlər aparır, lakin Azərbaycan dilində nə qədər çox dərsliklər, kitablar, video dərslər çox olsa, bu bizim şahmatımız üçün o qədər yaxşıdır. Bu, bir ilkdir. İstəyim odur ki, şahmat bilikləri şahmatçılar üçün əlçatan olsun, bütün azərbaycanlı şahmatçılar olduqları məkandan, məqamdan asılı olmayaraq, evdən çıxmadan öz şahmat biliklərini artırsınlar. Bir şahmatçı kimi məni həmişə Azərbaycan şahmat məktəbinin uğurları və gələcəyi daim maraqlandırır. Öz növbəmdə Azərbaycan şahmatına belə bir hədiyyə vermək mənim üçün şərəfdir. 

- Siz uzun müddətdir ABŞ-da yaşayırsınız. ABŞ-da Azərbaycan şahmatı və ənənələrindən insanlar nə qədər xəbərdardır?

- ABŞ-da Azərbaycan şahmatını çox gözəl tanıyırlar. Başda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov kimi şahmatçılarımız olmaqla, bizi güclü şahmat ölkəsi kimi tanıyır və hörmət edirlər. Mənim hər bir yarışda, hər bir böyük mühazirədə mütləq Azərbaycan haqqında, bizim şahmat ənənələrimiz barədə çıxışlarım olur. Qeyd etdiyim kimi bir çox videolarımın, DVD-lərimin başlıqlarını Azərbaycanla bağlayıram. Bu da bizim şahmat ənənələrimizin təbliğinə yardımçı olur. 

- Azərbaycan şahmatının gələcəyini necə görürsünüz? Sizcə, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov səviyyəsində elitar şahmatda oynayan oyunçularımızın davamı gələcəkmi?

- Bu suala birmənalı cavab vermək çox çətindir. Ümid edirəm ki, belə güclü şahmatçılarımızın sayı çox olsun, ancaq əfsuslar olsun ki, hələlik onlara bənzər yeni parlaq şahmatçı yetişməyib. Cavan, istedadlı şahmatçılar çoxdur, amma dünya onluğuna düşəcək iddiada olanlar yoxdur. Bununla belə şahmatın populyarlığı artdığı üçün gələcəkdə hansısa böyük istedadların ortaya çıxması şansları var və işlər düzgün qurulsa, yeni ulduzlar görmək ehtimalımız artar. 

- Sizcə, Azərbaycan şahmatının qarşısında duran əsas maneələr nələrdir və üstünlüklərimiz nələrdən ibarətdir?

- Azərbaycan şahmatının üstün tərəflərindən başlıcası bizim ənənələrimiz, şahmatın bir intellekt idman oyunu kimi ölkədəki statusudur. Ölkədə güclü şahmatçıların varlığı gənclər üçün böyük stimuldur. Düşünürəm ki, daha böyük proqresə nail olmaq üçün qrossmeysterlərdən, güclü məşqçilərin təcrübəsindən yararlanmaq lazımdır. Gənc, istedadlı şahmatçılara diqqət ayırıb, onlarla bağlı işçi qrupu yaradıb mütəmadi təlim-məşq toplantıları keçirilməlidir. Əlbəttə, belə işlər aparılır və bunu danmaq olmaz. Sadəcə miqyası genişləndirmək lazımdır. Bir neçə peşəkar qrossmeysterin, məşqçinin bir araya gəlib iş aparması daha məqsədəuyğun olar və bu, böyük nəticələr verər.


Bakucity.az



OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...