“Ağ canavar”ın uğurları...
12:14 / 02.01.2019
3512
Bu gün polis, polkovnik-leytenant, 15 qat Azərbaycan çempionu, "ağ canavar” ləqəbli kikboksçu Eduard Tofiq oğlu Məmmədovun doğum günüdür. E.Məmmədov 1978-ci il yanvarın 2-də Bakı şəhərində anadan olub.
1993-cü ildən peşəkar kikboksla məşğul olan Eduard, 2008-ci ildə Polis Akademiyasını bitirib. Hazırda Daxili İşlər Nazirliyində işləyir. Milli Məclisin deputatı Adil Əliyevin başçılıq etdiyi Azərbaycan Kikboksinq Federasiyasının idmançısıdır. O, ilk qələbəsini 1995-ci ildə Azərbaycanda keçirilən ilk çempionatda qazanıb. Onun məşqçisi Azərbaycan Respublikasının əməkdar artisti Çingiz Eyvazovdur.
E.Məmmədov 1997-ci ildə Azərbaycan Respublikası, 1999-cu ildə isə beynəlxalq idman ustası adını alıb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Vətən uğrunda” medalı ilə mükafatlandırılıb. 2009-cu ildə ölkə başçısı tərəfindən qeyri-olimpiya növünün inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif edilib.
Eduard Məmmədov 15 qat Azərbaycan, 23 qat dünya və 7 qat Avropa çempionudur. Məşqçi kimi fəaliyyətinə isə 2000-ci ildən başlayıb. Onun tələbələri arasında dəfələrlə dünya və Avropa çempionu olan idmançılar var. Biz də Azərbaycanın bayrağını yüksəklərə qaldıran peşəkar idmançımızı doğum günü münasibəti ilə təbrik edirik.