80 yaşlı bu qoca 2 milyon yarımdan çox körpənin həyatını xilas edib - FOTO
13:25 / 14.05.2018
2498
80 yaşlı avstraliyalı Ceyms Harrison adlı şəxs qanında mövcud olan nadir antikor sayəsində doğum zamanı qan zəhərlənməsi baş verən körpələrə verilən plazmanın inkişaf etdirilməsində göstərdiyi köməyə görə 60 ildə 2,4 milyon körpənin həyatda qalmasına səbəb olub.
Sfera.az xəbər verir ki, "Washington Post” qəzetinin yazdığına görə, hələ 13 yaşı olanda Ceyms Harrison ağciyər əməliyyatı keçirib. Üç ay xəstəxanada qalan Harrisona 13 dəfə qan verilib. Harrison böyüyəndə qan donoru olmağa söz verib. 18 yaşdan etibarən sözünü tutub. Həmin müddətdə avstraliyalı həkimlər uşaqsalma, ölü doğuş və beyni travmalı doğulan uşaq xəstəliklərinə müalicə axtarışı içində idilər. Ananın qanının RH pozitiv, uşaqların isə RH neqativ olması üzündən baş verən hemolitik anemiya körpələrin ölümünə səbəb olurdu. Elm adamları nadir antikordan düzəldilmiş plazmanın körpələrin həyatını xilas edə biləcəyini aşkara çıxarıblar.
Qan donorları araşdırıldıqda Harrisonun qanında bu antikorun olduğu müəyyən edilib. Elm adamları Harrisonu tapıb Anti-D plazma proqramında iştirak edib-etməyəcəyini soruşublar. İlk plazma 1967-ci ildə bir qadına verilib. Onun qanından alınan antikordan milyonlarla doza Anti-D inyeksiyası edilib.
Avstraliyada hər il hamilə qadınların 17%-nin bu inyeksiyaya ehtiyacı olduğu nəzərə alındıqda, Harrison bu illər ərzində 2,4 milyon körpənin həyatını xilas edib.
"Avstraliyada hazırlanmış hər Anti-D ampulunun içində Ceyms var. Milyonlara körpəni xilas etdi” – proqramın koordinatoru Robin Barlou belə deyib.
Alimlər Harrisonun bədəninin bu antikoru təbii şəkildə istehsal etdiyini, bunun da kiçik yaşlarda qan köçürülməsi üzündən baş verdiyini düşünürlər. "Qızıl qollu adam” ləqəbi ilə tanınan Harrisonun adı 2003-cü ildə Ginnesin rekordlar kitabına düşüb.
Sfera.az