80-ci il Moskva Olimpiadasında müstəqil Azərbaycanın ay-ulduzu – təsadüf, yoxsa tarixi gerçəklik - VİDEO - FOTOLAR

80-ci il Moskva Olimpiadasında müstəqil Azərbaycanın ay-ulduzu – təsadüf, yoxsa tarixi gerçəklik -  VİDEO - FOTOLAR

Güman ki, 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunları orta və yaşlı nəslin yaxşı xatirindədir.

Oyunların açılış və bağlanış mərasimində Azərbaycanın bir sıra rəqs ansambllarından ibarət 120 nəfərlik heyət də çıxış edib.
 
O illərdə azərbaycanlı ifaçıların çıxışı böyük rəğbət və coşğu hissi ilə qarşılanmışdı.
 
Bu günlərdə həmin mərasimi əks etdirən video-görüntülər sosial şəbəkələrdə yayıldı.
 
Görüntülərə baxarkən, diqqətimizi çəkən maraqlı məqam azərbaycanlı qadın rəqqasların boyunlarındakı Ay-ulduz klonu olan boyunbağı 
oldu.
 
Razılaşarsınız ki, sovet ideologiyasının ən sərt qadağaları dönəmində müstəqil Azərbaycanın bayrağında əks edilən ay-ulduz klonla bütün dünya qarşısında çıxış etmək təəccüb doğurmaya bilmir.
 
Xatırladaq ki, həmin ay-ulduz 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının üzərində əks edilmişdi və sonralar Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən həmin bayrağı dövlət bayrağı kimi qəbul etdi.
 
Qeyd edək ki, tarixçilərin bildirdiyinə görə, ay-ulduz türk simvolları hesab olunur.
 
Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb.
 
Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.
 
Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı  Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib.  
 
Qəribədir ki, bu məqam o zamankı Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən  Bədii Şuranın, həmçinin hər xırda detala nəzarət edən mərkəz Moskvanın gözündən necə yayınıb?
 
Görəsən, həmin illərdə bu klonların hazırlanması ideyası, dizaynı ətrafında problemlər olub?
 
Sözügedən boyunbağıların müəllifi, xalq rəssamı Tahir Tahirov bizimlə söhbətində ideyanın ona aid olduğunu bildirib. O, əlavə edib ki, həmin illərdə zəngin milli aksessuarlarımızdan ilhamlanaraq, Ay-ulduz klonun eskizini hazırlayıb:
 
“O illəri çox gözəl xatırlayıram. Mən rəssam olaraq Olimpiya təşkilat komitəsi tərəfindən seçilmişdim. Baletmeyster kimi isə Əminə 
 
Dilbazi seçilmişdi. Biz il ərzində ayda bir dəfə təşkilat komitəsi tərəfindən Rusiyaya çağırılırdıq.
 
Yadımdadır, mən ürək ağrısı ilə baxırdım ki, milli geyimlərimiz yoxdur. Axı bizim zəngin tarixə malik olan mədəni akssesuralarımız var. Sonra qərara aldım ki, özüm həmin aksessuarlar əsasında eskizlər hazırlayım.
 
Daha sonra eskizləri o vaxtkı Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Bədii Şuraya təqdim etdim. Maraqlıdır ki, Bədii Şura heç bir problemsiz eskizləri təsdiqlədi.
 
Görünür, diqqətlə baxmayıblar, fikir verməyiblər. Bu mərhələdən sonra sözün əsl mənasında qapı-qapı düşdüm ki, bu eskizləri hazırlatdırım”,  - T.Tahirov deyib.
 
Boyunbağıların hazırlanması üçün T.Tahirov nəhayət, gedib, o zamankı Sənaye Nazilriyinə çıxır.
 
Nazirin yanına gedərək, ondan çox xahiş edir ki, Olimpiyadaya görə 100 ədəd eskizə uyğun boyunbağılar hazırlasınlar.
 
Nazir əvvəlcə bu işi üzərinə götürmək istəmir.
 
“Özünüz fikirləşin, 100 ədəd sənaye üçün nədir ki, heç nə! Çox yalvarışlardan sonra, ona dedim ki, axı bu bizim milli sərvətimizdir. Biz Olimpiyadaya çıxırıq, bütün dünyanın gözü üzərimizdə olacaq. İzah etdim ki, heç olmasa qadın rəqqasların sinələrində Ay-ulduz parlasın. 
 
Nəhayət, nazir razılıq verdi, boyunlarına götürüb, Ay-ulduzu hazırladılar”.
 
T.Tahirov deyir ki, açılış və bağlanış mərasimində rəqqasların kostyumları da xüsusi olaraq hazırlanıb:
 
“Həmin kostyumların əsasını da Lənkəranın milli geyimləri əsasında hazırlamışdım. Bu geyimlərin biçimi, rəngli parçalardan və üst-üstə, qat-qat olmasına xüsusi diqqət yetirmişdim.
 
Hətta orada - kiməsə xırda görünə bilər - bir detala fikir vermişdim, rəqqasların əllərində qızmızı rəngli yaylıqlar da vardı. Mərasimdə o ərəfədə heç bir problem yaşamadıq. Hətta rəqqaslar həmin klonla bir sıra dövlət əhəmiyyətli tədbirlərdə dəfələrlə çıxışlar da etdilər.
 
Amma sonradan eşitdim, türkiyəlilər Ay-ulduz klonlara qarşı etiraz ediblər. Düzü, səbəbi ilə maraqlanıb, araşdırmadım da”.
 
O zamanlar Dövlət Rəqs Ansamblının solisti kimi çalışan və Olimpiyadanın açılış və bağlanış mərasimlərində rəqs edən Rübabə Əzizova o günləri çox gözəl xatırlayır. Deyir ki, Ay-ulduz olan klon hələ də gözlərinin önündədir:
 
“Xatirimdədir ki, klonlar çox ağır idi. Biz “Yallı” rəqsini oynayan zaman atılanda hər dəfə klon zərblə üzümüzə çırpılardı. Amma biz bundan az da olsun incinməz, heç şikayətlənməzdik də. Çünki o zamanlar başqa idi.
 
Mən Olimpiyadanın açılışında çıxış edəndə çox gənc idim, 17 yaşım vardı. Xatırlayıram, bəzən işdən bizə istirahət verəndə, buna sözün əsl mənasında kədərlənirdik. Tam səmimi deyirəm, ağlayırdıq ki, axı istirahət günləri bizim nəyimizə lazımdır? İşləmək istəyirik.
 
O zaman da Olimpiyada bizim yaddaşımızda olduqca gözəl və xoş xatirə kimi qaldı. Açılış və bağlanış mərasimində iştirakımız bir ömür boyu yaddan çıxmayacaq.  
 
Qeyd etdiyim kimi, o zaman mənim yaşım az idi. Ay-ulduzlu klonun hansı mənanı verdiyini və bizə hər hansı bir problem yaradacağı ağlıma gəlməzdi də. Biz həmin aksessuarları Olimpiyadadan sonra keçirilən bir sıra dövlət əhəməiyyətli tədbirlərdə də taxdıq. Çünki aksessuarlarımız qətiyyən yox idi.
 
Sonralar çox ölkələrdə qastrol səfərlərində olurduq. Hətta xatırlayıram keçmiş Çexoslovakiyadan rəqslər üçün sırğalar almışdıq”.
 
O zamanlar müstəqil Azərbaycanın atributu olan ay-ulduzun rəqqasların boyunlarında peyda olmasına bir çoxları fikir verməsələr də, indiki zamandan SSRİ-nin əbədi olacağı düşüncəsi hökm sürdüyü XX əsrin 80-ci illərinə nəzər salarkən heç bir şeyin təsadüf olmadığı qənaətinə gəlirsən.
Sfera.az