44 günlük qəhrəmanlıq savaşımız: Azərbaycan yeni geo-siyasi reallıq yaratdı və bölgədə güc balansını dəyişdi

44 günlük qəhrəmanlıq savaşımız: Azərbaycan yeni geo-siyasi reallıq yaratdı və bölgədə güc balansını dəyişdi
Ötən ilin sentyabr-noyabr ayları Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı  desək, yanılmarıq. Uzun müddətdir vətən həsrəti ilə alışıb yanan, 28 ildir nisgillə yaşayan xalqımız əslində möcüzənin şahidi oldu, Qarabağımıza - dədə-baba yurdumuza gedən yolda "yaşıl işıq” yandı.

Sfera.az xatırladır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə bizə heç də asan başa gəlmədi. Hələ prezidentliyinin əvvəllərindən münaqişənin siyasi yollarla həll olunmasına sadiqliyini bildirən İlham Əliyev bununla belə, əgər zərurət yaranarsa, hərb yolunun da istisna olunmadığını vasitəçilərə bəyan etmiş, bu cür bəyanatları dəfələrlə beynəlxalq tribunalardan səsləndirmişdi. Elə 2016-cı ildə baş verən hadisələr buna nümunədir.

Həmin ilin aprel ayının ilk günlərindən Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən ordumuzun mövqelərini atəşə tutaraq hücuma keçdi. Nəticədə Azərbaycan Sillahlı Qüvvələri düşmənə əks-hücumla cavab verdi. 3 gün davam edən və tarixə "Aprel döyüşləri" kimi düşən savaşda Azərbaycan tərəfi 93 şəhid verdi, Lələtəpə və Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.

Ermənistan müharibə baş verəcəyi təqdirdə Azərbaycanın nəyə qadir olacağını dərk edirdi. Buna baxmayaraq, 2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində sözügedən ölkənin sərhədlərimizdə törətdiyi təxribatlar düşmənin yeni müharibə hazırlığından xəbər verirdi. Sonuncu təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu, Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi. Beləliklə, tarixə "44 günlük Vətən Müharibəsi" kimi daxil olan hərbi əməliyyatlar başladı. Döyüşlər 9 noyabr 2020-ci ilə qədər davam etdi. Azərbaycan əvvəlki dövrlərdən fərqli olaraq, daha peşəkar ordu ilə döyüşə girdi. Bu döyüşlərdə demək olar ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün növ qoşunları iştirak edirdi.
 
Bu əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri düşmən üçün vacib əhəmiyyətə malik Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və ətraf kəndlərini, Suqovuşan başda olmaqla Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Kəlbəcər, Ağdam və Laçın rayonlarını işğaldan azad etdi.

44 günlük döyüşdə Azərbaycan tərəfi 3 minə yaxın hərbi qulluqçu şəhid verdi və bir o qədər də əlil və yaralı oldu. Ermənistan tərəfi isə verdiyi rəsmi açıqlamaya əsasən, 5 mindən artıq, qeyri-rəsmi açıqlamaya görə isə 10 mindən çox hərbi qulluqçu itirib, 13 mindən çox hərbi qulluqçusu yaralanıb və əlil olub. 3 mindən artıq hərbiçidən isə xəbər yoxdur. Yəni düşmən bu döyüşdə ordusunun təqribən 70-80%-ni itirdi.

Noyabrın 10-da gecə saat 3.00 radələrində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev hərbi əməliyyatların dayandırılması haqqında 9 bənddən ibarət Bəyanatı imzaladılar. Ardınca Azərbaycan Prezidenti İlham Əliyev televiziya ilə xalqımıza, dünya azərbaycanlılarına müraciət etdi:
 
"Biz qalib gəldik. Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaqdır''. 

Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu bəyanatla Azərbaycan BMT-nin tarixi qətnamələrini kağız üzərindən gerçək həyata köçürdü, bu da regionda yeni geo-siyasi və geo-strateji reallığın yaranmasına səbəb oldu, bölgədə güc balansı dəyişdi. 

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda ermənilərin törətdiyi dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin vandallar tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyinin şahidinə çevrildik. Eləcə də, bütün dünya Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin şahidi oldu. Belə ki, düşmən maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində İslam, o cümlədən digər mədəniyyətlərə aid olan bütün muzeyləri, məscidləri, abidələri dağıdıb, müqəddəs yerləri təhqir edib, kitabxanaları yandırıb, misilsiz əlyazma nümunələrinin məhvinə səbəb olub. Ermənistanın Azərbaycana vurduğu zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmırdı. Təbii sərvətlərimiz də amansızcasına istismar olunub, yaşı əsrlərə söykənən ağaclar kəsilib, çaylarımız məqsədyönlü şəkildə kimyəvi maddələrlə çirkləndirilib. Nəticədə regionun ekologiyasına böyük zərər vurulub. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi. 

Bu baxımdan 44 günlük Vətən müharibəsi dönəmində müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünyaya çatdırılması önəmli idi və bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin rolu danılmazdır. Ölkə başçısı bu müddət ərzində xarici KİV-ə 30-dan çox müsahibə verib və bu müsahibələr faktların ortaya qoyulmasına yol açıb. Həmin müsahibələrdə hamıya bəllidir ki, bəzən Ermənistanın maraqlarına xidmət edən suallar ünvanlanırdı, buna rəğmən, İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində verdiyi cavablar qərəzli jurnalistlərin susdurulması ilə nəticələnirdi. Ali Baş Komandan ingilisdilli auditoriya üçün ingilis dilində, türkdilli auditoriya üçün türk dilində, MDB məkanı üçün rus dilində, yerli mətbuat üçün də öz dilimizdə tam şəkildə və səmimi açıqlamalar verirdi. 
 
Türkiyənin "TRT Haber”, "CNN-Türk”, "Haber Global”, "Haber Türk”, "NTV”, "A Haber” televiziyaları, Rusiyanın "Rossiya-1”, "RBK” televiziya kanalları, "Ria Novosti”, "TASS” agentlikləri, Fransanın "Sky News”, "France 24” televiziyaları, ABŞ-ın "Fox News” televiziyası, "Əl-Cəzirə”, "Euronews”, "CNN International”, "BBC News” və s. kimi kütləvi informasiya vasitələri  ölkə başçısının müsahibə verdiyi qurumlar arasında yer alırdı.
Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın müddətdə görülən işlər sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa edildi, böyük zəfər qazanıldı. Azərbaycan hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsini yazdı, ordumuz cəmi 44 gün ərzində torpaqları işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi"ni darmadağın etdi, öz gücü və potensialını bütün dünyaya göstərdi.

Günay Rəsulqızı
Sfera.az

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.



OXŞAR XƏBƏRLƏR