300 manatlıq əsginas da dövriyyəyə buraxılsa, nə baş verəcək? - İqtisadçıdan PROQNOZ
12:57 / 24.05.2018
2352
Ötən gün 200 manatlıq əskinaslar dövriyyəyə buraxıldı. Bu gün isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov açıqlamalarının birində 50, 100 manatlıq əskinasların dövriyyədən çıxarılacağını və 300 manatlıq əsginasların dövriyyəyə buraxılacağının anonsunu verib.
50, 100 manatlıq əskinasların dövriyyədən çıxarılması və 200, 300 manatlıq yeni əskinasların dövriyyəyə buraxılması iqtisadiyyatımıza necə təsir edəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında bu haqda danışıb.
Ekspert bildirib ki, 200 manatlıq əskinas dövriyyəyə buraxıldıqdan sonra 50, 100 manatlıqların yığışdırılmasının məntiqi uyğunluğu yoxdur:
"Belə bir addımın atılması ilə bağlı çox az ehtimal var. Bütün dünyada ticarət və iqtisadi münasibətlərin artıq onlayan formaya keçdiyinin şahidiyik. Onlayn ödəniş isə iqtisadiyyatda şəffaflığı artırmaqla vergi ödəmələrinin həcmi və dövriyyəsinin düzgün hesablanmasına əsas verir. Bununla yanaşı, dövlətlərin büdcəsinə vergi daxilolmalarının artımına səbəb olur. Lakin təəssüflər olsun ki, Azərbaycanda nağdsız hesablaşmalar dövlət büdcəsinin 4 faizini təşkil edir ki, bu da bütün dünya üzrə ən aşağı göstəricidir. Azərbaycandan fərqli olaraq bir çox ölkələrdə onlayn hesablaşmalardan əldə edilən gəlirlər ümumi büdcənin 90 faizini təşkil edir”.
İqtisadçı bildirib ki, şəffaflığın artırılması üçün nağdsız ödənişə keçid mütləqdir:
"Böyük nominallı əskinasları dövriyyəyə çıxarmaqdansa, nağdsız ödənişə keçmək daha vacibdir. Bunun üçün infrastruktur da var. Azərbaycanda elə bir ailə yoxdur ki, onun maaş, yaxud da təqaüd kartı olmasın. Maaş kartının həm də alış-verişdə istifadəsinə icazə verilərsə, nağdsız alış-veriş üçün hətta bonuslar da əlavə edilərsə, verilən qəbzlər lotoreyada oynadılarsa, insanlarda bu cür ödənişlərə maraq yarana bilər. Böyük nominallı pul vahidlərinin dövriyyəyə çıxarılması əslində şəffaflığı azaldır”.
Nigar Məhərrəm
Sfera.az