\"30-40 erməni mənə tərəf gəlirdi...\" - Qarabağ döyüşçüsü o günü xatırlayır

\
Ermənilərin məhşur "Arabo” batalyonunun məhv edilməsi ilə bağlı araşdırma yazılar davam edir.

Bu mövzu ilə bağlı növbəti müsahibə Tərtər batalyonunun döyüşçüsü Tağıyev Firudindir.
 
Sfera.az "Yeniçağ.az"a istinadən həmin müsahibəni təqdim edir:

Tağıyev Firudin Hilal oğlu. 1961-ci ildə Tərtər rayonu Əskipara kəndində anadan olub. Orta təhsilini Şuşa şəhəri 1 saylı internat məktəbində alıb. 1977-ci ildə SSRİ Gənc Bənnaları lauriyyantı olub. 1989-cu ildən Dağlıq Qarabağda baş verən proseslərə qoşulub. 1992-ci ilin iyul ayının 28-ə qədər döyüşlərdə iştirak edib.

– Müharibəyə necə qoşuldunuz?

– 1990-cı il 20 yanvar hadisəsində Bakıda idim. Sovet qoşunlarına qarşı əliyalın mübarizə aparırdıq. 20 yanvar hadisəsindən br müddət sonra Rusiyaya getdim. 1991-ci ildə orada eşitdim ki, Əskipara kəndinə bomba düşüb. Bundan sonra kəndimizə qayıtdım. Ancaq kəndimizdə heç nə olmamışdı. Sən deme, ermənilər  Qazaxın Əskipara kəndini atəşə tutublar. Gələndən sonra qərar verdim ki, heç yerə getməyəcək, ermənilərlə döyüşəcəyəm.  1992-ci ilin yanvar ayında məni Tərtər rayon özünümüdafiə batalyonuna qəbul etdilər. 7 nəfərdən ibarət bir dəstə düzəldib, kəndimizin qəbirstanlığında post qurduq. Qardaşım Tağıyev Tağı komandirimiz idi. Gördüm ki, kənddə durmaqdan bir şey çıxmır, getdim döyüş bölgəsinə. Kiçik qardaşım Ələddin də müharibəyə qoşuldu. Böyük qardaşım Tağıya dedim ki, o balacadı, evdə qalsın. Tağı cavab verdi ki, sən qeyrət çəkdiyin kimi o da gəlib. Beləcə 3 qardaş döyüşmüşük.

– Həsənqaya döyüşü barədə danışardıq.

– Gəncə batalyonunun komandiri Mehman Ələkbərovla çox yaxşı münasibətim var idi. İyun ayının 28-i, gecə saat 3-4 radələrində ermənilər böyük qüvvə ilə Gəncə batalyonunun ön postlarına hücum etmişdi. Onlar da bir qədər arxaya çəkilmişdilər. Gecə saat 5 radələrində Sərdar Həmidov ratsiya ilə zəng edib, tapşırdı ki,  öyrənin görün Həsənqayadakı postlarda kim durub. Qardaşım mənə göstəriş verdi ki, özünlə 2 nəfər götür ön cəbhəyə get, öyrən gör onlar kimdir. Saat 04:40-da 3 nəfər – Azay Quliyev, İlham Paşayev və mən ora yollandıq.

Yay idi. Hava təzə işıqlanırdı. Azay və İlhama dedim ki, hara getməyinizi, durmağınızı qurbağa səsi çıxararaq sizə bildirəcəyəm. İlham Paşayev mənim dediklərimə məhəl qoymadan irəlilədi. Nar kolunun arxasında 4 erməni əsgəri İlhamı saxladı. Özümü itirmədim. Ermənilərdən soruşdum: "Brat”, hansı rotadansınız?” Barmağım da tətikdə idi. Ermənilər çaş-baş düşdülər. Bilmədilər, mənə tərəf baxsınlar, yoxsa İlhama. Azay isə bizdən 20 metr kənarda gizlənmişdi. Düşmənlə qarşılaşsaq atəşlə bizə dəstək verəcəkdi.

Erməni cavab verdi ki, "brat”, 7-ci rotadanıq. "Hansı 7-ci rota?” deyib,  sözümü bitirməmiş atəş açdım. Güllə düz ermənini alnından dəydi. Çünki bizdə 5 rota var idi, o, 7 deyən kimi bildim ermənidir. Açığı düşünmürdüm ki, orada yüzdən çox erməni olar. Güllə səsindən sonra 30-40 erməni mənə tərəf gəldi. Şoka düşmüşdüm. Bir an düşündüm ki, buradan çıxa bilməyəcəyik. Atışma başladı. Azay Quliyev qolundan yaralandı. Ağrıdan qışqırmağa başladı. Ermənilər qumbaraatandan atəş açdılar. Mərmi təpənin döş hissəsinə dəydi. Dalğası məni yerə çırpdı. Qəlpələr üzümə dolmuşdu. Əlimə üzümə tutub qan görəndə qışqırdım ki, Azay mən də vurulmuşam, qaç denən ki, erməni var. İlham Paşayev ara qarışan kimi qaçdı. Ona dedim ki, təcili bizimkilərə məlumatı çatdırsın. Yaralı olmadığı üçün o daha tez ərazidən çıxa bilmişdi. Ermənilər də üstümə doğru gəlir. Bildim ki, ya öldürəcəklər, ya da əsir gedəcəm. Bu anda ermənilərin ortasına mərmi düşdü. Nə oldu, necə oldu başa düşmədim. Ardıcıl 3 mərmi düşdü. Ermənilər pərən-pərən oldu. Sonradan bilmişəm ki, həmin mərmiləri Gəncə batalyonunun kəşfiyyat bölük komandiri Mahir Hüseynov atıb. Sağ qalmışamsa, buna görə Mahir qardaşımıza və Gəncə batalyonuna borcluyam.

Sonradan bizə məlum oldu ki, gecə ilə ermənilərin dversiya qrupu həqiqətən də hücum edib. Biz nasos stansiyasına girəndə oradan sənədlər tapıldı. Sənədlərdən də üzə çıxdı ki, onlar planlı şəkildə gəlib Tərtərdə dversiya əməliyyatı həyata keçirmək istəyiblər.

Həmin döyüşdə təm-tək qalmışdım ortalıqda. Üz gözüm də qəlpə. Döyüş sakitləşəndən sonra əraziyə gəldim ki, yüzdən çox ermənini bizimkilər qırıblar.

OXŞAR XƏBƏRLƏR