28 aprel Azərbaycanın sovetlər tərəfindən işğal edilməsinin ildönümüdür

28 aprel Azərbaycanın sovetlər tərəfindən işğal edilməsinin ildönümüdür
Bu gün Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 99-cU ildönümü tamam olur. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi.

Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel” adı verilirdi. Bakının şimal girişində "11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılmışdı. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetirdilər.

Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 

11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti Nərimanovu ADR-i əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi. Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü.

Bakını zəbt edərkən bolşevik ordusu ciddi müqavimətlə üzləşməyib.

OXŞAR XƏBƏRLƏR