Azərbaycanda yeni yaradılan publik hüquqi şəxs nə deməkdir?

Azərbaycanda yeni yaradılan publik hüquqi şəxs nə deməkdir?

Publik hüquqi şəxslər doktrinası hüququn digər doktrinaları ilə müqayisədə daha gəncdir. Mülki hüququn digər konsepsiyalarının, digər anlayışlarının min illik tarixi olsa da, publik hüquqi şəxs doktrinası təxminən 200 il bundan əvvəl Fransada inzibati dövlət quruculuğu çərçivəsində yaranıb.

XIX əsrin axırından bir çox Avropa ölkələrində tətbiq olunub və nəhayət 1900-cü ildə kontinental hüquq dövlətləri üçün nümunə sayılan Almaniya mülki məcəlləsinin 80, 85 və 87-ci paraqraflarında öz əksini tapıb. Oxu.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AzərTac-a müsahibəsində bildirib. Ş. Əliyev qeyd edib ki, keçmiş SSRİ məkanında publik hüquqi şəxs haqqında qanunlar Gürcüstanda, Ukraynada, Moldovada və Baltik ölkələrində qəbul olunub.

“Bir sıra ölkələrdə, məsələn, Yunanıstanın Əsas Qanununun 17-ci maddəsində publik hüquqi şəxslərə Konstitusiya statusu verib. Ümumiyyətlə, dövlət idarəetməsi bir sistem olaraq daim inkişafdadır. Bildiyiniz kimi, dövlət hakimiyyətinin 3 qolu var: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Burada heç bir dəyişiklik və düzəliş etmək mümkün deyil.

Ona görə ki, bu aksiomatik bir modeldir. İcra hakimiyyəti orqanları təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə, pullu xidmət göstərə bilməz. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir göturmək məqsədi ilə başqa bir ödəniş tələb edə bilməz.

Burada çıxılmaz vəziyyət yaranır. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Bu cür qurumlara, məsələn, Dövlət Metrologiya və Standartlaşdırma Komitəsindəki müxtəlif laboratoriyaları, Dövlət Əmlak Komitəsində yer quruluşu işlərinin aparılması ilə bağlı xidmətləri aid etmək olar.

Belə qurumların sayı kifayət qədərdir və onlar məcburdurlar ki, bu xidmətləri göstərən strukturlarına mülki hüququn adi hüquqi şəxs statusu versinlər. Adi hüquqi şəxs isə o deməkdir ki, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyalarını həyata keçirir. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bütün bu suallara cavab verir.

Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var. Birincisi, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icaraat çərçivəsində mümkündür.

İkincisi, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşər. Üçüncüsü, publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər, onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn adi hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur. Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir.

Sual oluna bilər: həmin funksiyaları, məsələn, qeyri-kommersiya təşkilatları həyata keçirə bilməzmi? Xeyr, qeyri-kommersiya təşkilatlarının həyata keçirdiyi funksiyalar dar çərçivədədir. Publik hüquqi şəxsin isə bütün maliyyə icraatı, mühasibat hesabatı və uçotu dövlət orqanları üçün nəzərdə tutulan qaydada aparılır. Özəl qurumlarda olan qaydalar bunlara şamil edilmir. Ona görə bu anlayışın əhatə dairəsi həddindən artıq genişdir. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir. Məsələn, Almaniyada və digər Qərbi Avropa ölkələrində dəmir yolu korporasiyaları publik hüquqi şəxsdir. Onlar müflis ola bilməz, çünki ölkədaxili sərnişin daşımaları üçün həyatı əhəmiyyət kəsb edən dəmir yolu hər bir halda işləməlidir. Ona görə dövlət bunu öz üzərinə götürüb və bu, idarəçilik funksiyası deyil, təsərrüfat funksiyası olduğu üçün dəmir yolu şirkətlərinə publik hüquqi şəxs statusu verilib. Azərbaycanda isə belə bir zərurət yoxdur. Çünki avtomobil nəqliyyat daşımaları əhalinin ehtiyaclarını tam ödəyir. Yaxud Almaniya və Fransada mərkəzi banklar da publik hüquqi şəxsdir. Ona görə ki, onların funksiyaları dövlət hakimiyyəti orqanı funksiyalarından fərqlidir. Dövlət orqanı heç bir halda kredit verə və faiz hesabına gəlir götürə bilməz. Bu, dövlət hakimiyyətinin funksiyası deyil. Ona görə də həmin ölkələrdə mərkəzi banklar publik hüquqi şəxsdir. Publik hüquqi şəxs Azərbaycan üçün kifayət qədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi kimi yeni qurumlar yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə etsin”, - deyə, o, bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...