İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı

İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncama əsasən, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə də tapşırılıb ki, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

18:30

Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılmasını təmin etsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

***

Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323, № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806; 2016, № 6, maddə 1038; 2017, № 2, maddə 183, № 5, maddə 842) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu hissə üzrə:

1.1. aşağıdakı məzmunda 9.9-2-ci, 9.9-3-cü, 9.9-4-cü bəndlər əlavə edilsin:

"9.9-2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77-1-ci maddəsinə uyğun olaraq, ərizə ilə müraciət etmiş vergi ödəyicilərinin həmin ərizədə göstərilən əməliyyatı ilə bağlı vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar qəbul edir;

9.9-3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış üçün vergi ödəyicilərinin qeydiyyatını aparır, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı ilə və texniki avadanlıqla təchiz edir;

9.9-4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” verir;”;

1.2. 9.10-cu bənddə "vergi və kommersiya” sözləri "vergi, kommersiya və bank” sözləri ilə əvəz edilsin.

2. 11-ci hissə üzrə:

2.1. aşağıdakı məzmunda 11.3-1-ci, 11.3-2-ci və 11.10-1-ci bəndlər əlavə edilsin:

"11.3-1. Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək;

11.3-2. Maliyyə institutlarında vergi monitorinqini aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq;

11.10-1. Səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək;”;

2.2. 11.14-1-ci bəndə "dövlət büdcəsinə alınması” sözlərindən sonra ", yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin Siyahısı”nı "Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 671-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426, № 9, maddə 851, № 12, maddə 1248; 2013, № 9, maddə 1063; 2014, № 9, maddə 1033; 2016, № 2 (II kitab), maddə 236; 2017, № 3, maddə 383) ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin Siyahısı”nın 4.1-ci bəndində "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin,” sözlərindən sonra "Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin,” sözləri əlavə edilsin”.

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...