İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması, barama istehsalçılarının məhsuldar tut ipəkqurdunun cins və hibrid toxumları ilə təmin edilməsi və bu sahədə seleksiya-damazlıq işlərinin təşkili məqsədi ilə qərara alıram:


1. Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılsın.


2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR