Qarlı yola duz səpən polis kimdir? — VİDEO + FOTO

Qarlı yola duz səpən polis kimdir? — VİDEO + FOTO
Bakı Yol Polisinin baş çavuşu Teymur Süleymanov bir saat içində məşhurlaşdı.
 

Günün qəhrəmanı olmasına səbəb isə Teymurun öz puluna aldığı duzu qarlı yola səpdiyi əks olunan video olub. 

Baş çavuşun bu hərəkəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti onun hərəkətini alqışlasa da, çavuşu tənqid edənlər də tapıldı. 

Sfera.az xəbər verir ki, bunu araşdırmaq üçün 1news.az-ın jurnalisti Teymur Süleymanov ilə danışmaq qərarına gəlib. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovun vasitəçiliyi ilə çavuşun iş yerində - Azərbaycan parlamentinin yaxınlığında görüş baş tutub. 

"Mən motosiklet ilə Nazirlər Kabineti, Milli Məclis, Teymur Elçin küçəsi, Parlament prospekti ərazisində və yaxınlıqdakı yollarda növbə çəkirəm. Bu mənim cavabdeh olduğum ərazidir. Həmin gün Teleteatrın yanında növbədə idim. Döngədə avtomobillərin sürüşdüyünü və qəza vəziyyətinin yarandığını gördüm, öz puluma yaxınlıqda yerləşən mağazadan 15 qutu duz aldım. Bunun yardımı oldu. Avtomobillər artıq sürüşmürdülər”, - o deyib. 

Şəbəkə istifadəçilərini narahat edən məsələ, həmin an qartəmizləyən texnikanın harada olması və nə üçün yola duzu müvafiq xidmət əməkdaşlarının deyil, çavuşun səpməsi idi.

Teymur həmin vəziyyəti izah etdi. "Teleteatr ərazisində yağan qara görə, böyük tıxac yaranıb. Texnika qarı təmizləmək üçün yola düşsə də, tıxacda qalıb. Mən onu gözləmədim və qəzanın baş verməməsi üçün sürücülərə yardım etmək qərarına gəldim”, - o deyib. 

Söhbət zamanı 33 yaşlı Teymurun sadəcə baş çavuş olduğu deyil, həm də yol hərəkəti mütəxəssisi olduğunu öyrəndik. O, Salyan rayonunda anadan olub, Bakı şəhərində yaşayır, 2011-ci ildən polisdə işləyir. Azərbaycan Texniki Universitetinin yol hərəkətinin təşkil edilməsi sahəsi üzrə magistrdır. 

"Mənim iş təcrübəm yol polisinin və sürücülərin bir-biri ilə yaxşı münasibətdə ola biləcəyini göstərir. Polis əməkdaşları kimi vəzifəmiz insanlara yardım etmək, hərəkətin təhlükəsizliyini təmin etməkdir”, - T.Süleymanov bildirib. 

Biz, sözsüz ki, baş çavuş ilə razıyıq, çünki məhz belə yanaşma ilə ölkəmizin yollarında təhlükəsiz və rahat hərəkəti təmin etmək kimi əsas məqsədə nail olmaq mümkündür. 


OXŞAR XƏBƏRLƏR