İşini itirmək təhlükəsi ilə üz-üzə qalanların NƏZƏRİNƏ
11:55 / 31.01.2016
964
Şirkətlərdən, bağlanan banklardan çıxarılan vətəndaşlar taleyin ümidinə buraxılır
Qanun işini itirənlərin hüquqlarını müdafiə edir, amma iş sahibləri həmişə «çıxış yolu» tapırlar
Ölkədə yaranan ağır iqtisadi böhrana görə kütləvi ixtisar aparılır. Manatın sonuncu devalvasiyasından sonra bu məsələ daha da aktuallaşıb. Gəlirləri azalan, xərclərini ödəyə bilməyən bir çox şirkətlər əməkdaşların sayını azaltmaqla vəziyyətdən çıxmağa çalışırlar. Bu səbəbdən yaranan çoxsaylı işsizlər ordusunun sırasına son günlər bir-birinin ardınca bağlanan bankların yüzlərlə əməkdaşının qoşulacağı gözlənilir. 1 həftə ərzində 6 bankın rəsmən bağlanması, bəzi bankların birləşdirilməsi nəticəsində minlərlə insan işini itirib və prosesin davam edəcəyi təqdirdə onların sayının daha da artacağı istisna deyil.
Dövlət tərəfindən aparılan islahatların nəticəsində işini itirən şəxslərin yeni iş yeri ilə təmin olunmasının məsuliyyəti kimin üzərindədir? Dövlət bu şəxslərin sosial təminatı üçün hansı addımlar atmalıdır?
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov "Bizim Yol"a açıqlamasında bildirib ki, həmkarlar ittifaqı olan müəssisə və təşkilatlarda işəgötürən işçiləri işdən çıxarmazdan əvvəl bu barədə həmkarlar ittifaqını xəbərdar edir. "Həmkarlar ittifaqı bu məsələyə baxandan sonra ki, hansı səbəbdəndir, məsələ həllini tapa bilər. Amma həmkarlar ittifaqının mövcud olduğu müəssisələrdə işəgötürən işçini çıxarsın, yaxud ixtisara salsın, belə söhbət ola bilməz" - deyə N.Ağamirov qeyd edib.
"Dedilər ki, biz işçiləri ixtisar etmirik, sadəcə müqavilənin vaxtı qurtarıb"
Bir ay əvvəl bankdakı işi ilə vidalaşmalı olan Samir Bədəlov "Bizim Yol"a bildirib ki, ilk devalvasiyadan sonra bankda ixtisarların olması ilə bağlı söz-söhbət dolaşsa da, rəhbərlik buna getmədi. "Aşkar şəkildə bildirilirdi ki, ixtisarlar zamanı işdən çıxarılan işçiyə 2 aylıq əməkhaqqı məbləğində kompensasiya verilməlidir və bank da buna getmir. Noyabr ayında isə ixtisar məsələsi yenidən gündəmə gəldi. İşçilər dəfələrlə rəhbərlikdən kimlərin işdən çıxarılacağı ilə bağlı məlumat almaq istəsələr də, rəhbərlik hər dəfə məlumat verməkdən yayınırdı. Hər dəfə deyilirdi ki, ixtisar zamanı onsuz da ya məlumatlandırılacaqsız, ya da kompensasiya veriləcək. Dekabr ayının əvvəllərindən artıq işçiləri bununla bağlı məlumatlandırmağa başladılar və ayın sonunda ixtisara düşənlərin siyahısı məlum oldu. İki aylıq kompensasiya məsələsinə gəldikdə, bildirildi ki, biz işçiləri ixtisar etmirik, sadəcə olaraq müqavilələr bir il müddətinə bağlanıb, onların müddəti isə dekabrda başa çatır. Müqavilənin müddətinin bitməsilə bağlı işdən azad olunanlara hər hansı kompensasiyanın verilməsi qanunda nəzərdə tutulmayıb. Beləliklə biz heç bir müavinət almadan, eyni zamanda əvvəlcədən xəbərdar olunmadan öz işimizi itirdik" - deyə S.Bədəlov bildirir.