20 Yanvar gecəsi metro işləməsəydi...

20 Yanvar gecəsi metro işləməsəydi...
20 Yanvar gecəsi qırğın başlananda metronun sonuncu qatarı cədvəl üzrə depoya qayıtmalı, yeraltı nəqliyyat iş gününü başa vurmalı idi. Şəhərin şimal qapısı XI Qızıl Ordu meydanında tanklar barrikadaları yarıb, mərkəzə doğru irəliləməyə başladıqda, qatillərin əlindən canını qurtaran insanlar o vaxt həmin meydanın adını daşıyan metro stansiyasına (indiki - "20 Yanvar”) sığınacaq yeri kimi pənah apardılar.
Bu barədə Bakı Metropoliteni QSC-dən 29 ili tamam olan qanlı 20 Yanvar hadisəsi zamanı metro stansiyasında da bu hadisənin silinməyən izləri barədə danışarkən bildirilib.

QSC-nin tarixində həmin hadisənin qanlı izləri də var. Qırğın başlayan zamam camaat stansiyaya axın edib. Bir qədər sonra ilk yaralılar da görünməyə başlayıb. Bir qədər sonra platforma üzərində al qan izləri artıb. Hadisə günü ağrıdan zarıyan, kömək diləyən insanları xəstəxanaya çatdırmaq üçün metro ən rahat vasitə olub. "Yuxarıda” təcili yardım maşınları belə atəşə tutulur, yardıma ehtiyacı olanlara yaxınlaşmaq mümkün olmurdu. Belə bir vəziyyətdə Metropoliten rəhbərliyi qatarların səhərə kimi işləməsi barədə qərar qəbul edib.

Qanlı Yanvar gecəsində metropolitençilər həyatlarını riskə ataraq, sübhədək yaralıları, öldürülənləri qorxu bilmədən xəstəxanalara daşıyıblar. Bəlkə də metropolitençilər o gecə səhərə qədər iş başında olmasaydılar, stansiyaların yerləşdiyi ərazilərdə, o cümlədən "Koroğlu" (o vaxt "Əzizbəyov") və "İçərişəhər"də (o vaxt - "Bakı Soveti"), xüsusən "20 Yanvar" (o vaxt - "XI Qızıl Ordu ") stansiyası ətrafında həyatlarını riskə atıb əhaliyə yardım əlini uzatmasaydılar, öldürülənlərin sayı minlərlə ölçülərdi.

Sonrakı matəm günlərində metropolitenə təzyiqlər olsa da, fəaliyyətini dayandırmadan işləyib. O günlərdə Bakıda əhalinin nəqliyyata olan tələbatını ödəyən əsas vasitə metropoliten olub.

Hazırda Şəhidlər Xiyabanında Bakı Metropoliteni QSC-nin iki əməkdaşı da əbədi uyuyur. "Nərimanov" elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun həmin hadisələrdə şəhid olanlardandır.

OXŞAR XƏBƏRLƏR