“16 yaşadək olan əlil uşağa baxan ananın pensiya təminatı nəzərə alınsın!\" - Deputatdan TƏKLİF

“16 yaşadək olan əlil uşağa baxan ananın pensiya təminatı nəzərə alınsın!\
"Əlilliyin bu gün Almaniya sistemi əsasında, demək olar ki, vətəndaşın iştirakı olmadan verilməsi bizim reallığa uyğun deyil”.

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi” nə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Almaniya sisteminin tətbiqi korrupsiya halını azaltsa da, vətəndaşın hüquqlarını pozur:

"Almaniyada uşaq doğulandan onun bütün xəstəlikləri bir sistemdə cəmlənir. Ona görə də əlilliyi müəyyən etmək üçün vətəndaşın birbaşa iştirakına ehtiyac olmur. Bizdə isə bu belə deyil. Ona görə də Almaniya üsulunun tətbiq çox zaman vətəndaşın ziyanına qərar çıxarılması ilə nəticələnib. Düzdür, bu sistemlə korrupsiya halı azalıb. Lakin bu halın azalması hesabına vətəndaşların hüququnun pozulmasına razı olmamalıyıq.  Ötən il 66961 nəfər  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlilliklə  bağlı müraciət edib. Onlardan 37731 nəfərinə əlillik verilməyib. Onların qərardan şikayət etmək hüququ yoxdur”.

Musa Quliyev əlilliyin verilməsində vətəndaşın əyani müayinəsi və təkrar müraciət hüququ əlavə edilməli olduğunu deyib:

"İnsanların məhkəmə qərarından şikayət etmək hüququ var, lakin əlilliklə bağlı nazirliyin qərarına etiraz edə bilmir. Bu məsələyə yenidən baxılmalıdır. Bundan başqa hesab edirəm ki, 16 yaşa qədər əlil uşağına baxan ananın pensiya təminatında nəzərə alınmalıdır. Həmin dövr staj kimi qəbul edilməlidir”.
 
Orxan Bəşirov
Sfera.az

OXŞAR XƏBƏRLƏR