130 ölkədən İlham Əliyevin təşəbbüsünə dəstək – BMT-də fövqəladə toplantı

130 ölkədən İlham Əliyevin təşəbbüsünə dəstək – BMT-də fövqəladə toplantı

"Bu təşəbbüsün dəstəklənməsi onu göstərir ki, Azərbaycan Prezidenti məhz dünya səviyyəli liderdir”.


Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin pandemiya ilə mübarizə mövzusunda BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünə 130-dan çox ölkənin dəstək verməsinin dövlətimizə və onun liderinə olan yüksək diqqət və rəğbətin göstəricisi kimi dəyərləndirilməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.




Deputat qeyd edib ki, ümumbəşəri bəlaya qarşı bütün dövlətlərin birləşməsi zəruridir və Azərbaycan Prezidenti də məhz ona görə məsələnin BMT çərçivəsində müzakirəsini önə çəkib

 

"Bu ümumbəşəri bəlaya qalib gəlmək üçün bütün dünya dövlətləri birləşməli, ortaya birgə səylər qoymalıdır. Yəni, hazırda dünyanın birlik, həmrəylik və məsuliyyətə çox böyük ehtiyacı var. Bu məntiqlə çıxış edərək Prezident İlham Əliyev mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun video görüşündə unikal təşəbbüslə çıxış etdi.

 

Prezident BMT Baş Məclisinin COVİD-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyasının çağırılmasını təklif etdi. Sevindirici haldır ki, Prezidentin bu təşəbbüsünə 130 ölkə səs verib, təklifi müdafiə ediblər. Bu artıq o deməkdir ki, təşəbbüs qəbul edilib və yaxın perspektivdəbelə bir Zirvə görüşü keçiriləcək”.



Sayta açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev isə bildirdi ki, sözügedən təşəbbüsə verilən yüksək dəstək dünya miqyasında Azərbaycanla hesablaşmalarının nəticəsidir:

 

"Belə bir təşəbbüsün əksər ölkələr tərəfindən dəstəklənməsi dünyanın Azərbaycana və dövlət başçısına olan etimadının göstəricisidir. Heç də hər bir dövlətin başçısı BMT-yə belə vacib məsələlərlə bağlı müraciət etmir, təkliflər vermir. Çünk, təkliflərinin nə dərəcədə qəbul olunub-olunmayacağı barədə arxayın deyillər. Azərbaycanın isə göründüyü kimi təkliflərini dünyanın əksər ölkələri dəstəkləyir”.


M. Quliyevin fikrincə, bu ilk növbədə Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun göstəricisidir:

 

"Eyni zamanda, bilirsiniz ki, Azərbaycan koronavirusla mübarizədə artıq öz sözünü demiş dövlətdir. Prezident İlham Əliyev istər Türk Şurasının Zirvə toplantısında, istərsə də Qoşulmama Hərəkatının video konfransında çıxışında bildirdi ki, pandemiya beynəlxalq səciyəli məsələdir və ona münasibət də beynəlxalq səviyyədə olmalıdır.

 

Hər yerdə bütün güclər bir yerə qoyulmalı və məsələ beynəlxalq miqyasda həllini tapmalıdır. Bu təkliflər müsbət qarşılandıqdan sonra Prezident İlham Əliyev BMT-yə müraciət göndərdi və koronavirusla mübarizə üçün BMT Baş Assambleyasının xüsusi iclasının çağırılmasını təklif etdi. Yəqin ki, BMT təşəbbüsə müsbət cavab verəcək və konfrans da baş tutacaq. Bu, cənab Prezidentin şəxsi nüfuzunun və dünya liderləri səviyyəsində qəbul olunduğunun göstəricisidir.

 

Azərbaycan Prezidentinin həmin təşəbbüsü ölkəmizin koronavirusla mübarizə tarixində rolunu daha da yüksəldəcək. Bunlar bizləri sevindirir. İnfeksiyalar əvvəl-axır keçir, müharibələr başa çatır. Amma həmin dövrdə hansı dövlətin, xalqın, liderin hansı davranış sərgiləməsi tarixdə qalır”.

 


 

"Bu hal Azərbaycanın beynəlxalq nüfuzunun ən azından kifayət qədər yaxşı səviyyədə olduğunun göstəricisidir".


Bu fikirlər isə REAL-ın icra katibi Natiq Cəfərliyə məxsusdur:

 

"Təbii ki, belə bir təşəbbüsün dünyada dəstəklənməsi Azərbaycanın bir çox məsələlərdə əldə etdiyi beynəlxalq nüfuzu ilə bağlıdır. BMT-də bu istiqamətdə onlayn toplantı baş tutarsa, bu ölkəmizə özünün bir çox problemlərini, o cümlədən işğalla bağlı problemləri yenidən BMT tribunasından səsləndirməyə imkan verəcək.

 

İşğal faktı ilə bağlı müəyyən addımların atılmasına sövq və dünya ölkələrini düşünməyə vadar edəcək tezislərin olması vacibdir. Dövlət başçısının təşəbbüsünün dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun ən azından kifayət qədər yaxşı səviyyədə olduğunun göstəricisidir.

 

Azərbaycan bir çox beynəlxalq təşkilatlarda aparıcı rol oynamağa çalışır və zaman-zaman buna da nail olur”.



 

"Azərbaycan Prezidentinin təşəbbüsü koronavirusla qlobal səviyyədə səmərəli mübarizəyə imkan yaradacaq”. 

 

Bunu isə saytımıza Milli Məclisin deputatı Şahin Seyidzadə deyib: Koronavirusla mübarizədə dünya liderləri birləşərək vahid qərarlar əsasında planlar tərtib etməli və əsaslı addımlar atmalıdırlar. Bu istiqamətdə ilk təşəbbüslər də məhz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürüldü.

 

Pandemiya dövründə vətəndaşların sağlamlığının təmin edilməsi üçün əsaslı işlər görən Prezident İlham Əliyev koronavirusla mübarizənin təkcə milli səviyyədə deyil, eyni zamanda, qlobal səviyyədə, sıx əməkdaşlıq çərçivəsində səmərəli olması fikrini gündəmə gətirdi. Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən BMT-nin Baş Assambleyasının xüsusi sessiyanın çağırılması təşəbbüsünün irəli sürülməsi və bu təşəbbüsün 130 ölkə tərəfindən dəstəklənməsi birmənalı olaraq Azərbaycanın və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunu göstərir.

 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından Baş Assambleyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb və təklif BMT üzvləri tərəfindən yüksək dəyərləndirilib, təşəbbüsə 130 ölkədən müsbət cavab gəlib”.


Deputatın sözlərinə görə, təşəbbüsü 130 ölkənin dəstəkləməsi etimad və inamın bariz göstəricisidir: "Bu rəqəm göstərir ki, Qoşulmama Hərəkatının sədri statusunda olan Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsü dünyanın koronavirusla mübarizə apardığı dövrdə çox vacib və vaxtında atılan addımdır. Həmin çağırışa dəstəyin olması və BMT-nin baş Assambleyası tərəfindən xüsusi sessiyanın təşkil edilməsi COVID-19 pandemiyası dövründə virusla mübarizədə beynəlxalq səviyyədə yekdil mübarizə metodlarının təşkili və tətbiqinə böyük təkan verəcək.

 

Əminəm ki, bu xüsusi sessiyanın təşkili ilə dünya ölkələrinin koronavirusla mübarizəsində müxtəlif təcrübələrin mübadiləsi aparılaraq qısa müddət ərzində virusun qarşısının alınmasına nail olunacaq. Azərbaycan Prezidentinin təşəbbüsü koronavirusla qlobal səviyyədə səmərəli mübarizəyə imkan yaradacaq”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR