11 sentyabr terorrunun \"memar\"ı danışdı – İlk dəfə

11 sentyabr terorrunun \
"1999-cu ildə Əfqanıstanda Əl-Qaida lideri Usame Bin Ladenlə tanış olmuşam. Bundan sonra Bin Ladenlə əlaqəm olmayıb. Tam səmimiyyətimlə deyirəm ki, 11 sentyabr terror hücumu haqqında heç nə bilmirəm. Mənə bu barədə heç nə demədilər”.

Sfera.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri məşhur terrorçu Məhəmməd Heydər Zammar "Vaşinqton Post” qəzetinə verdiyi reportaj zamanı deyib.

Qeyd edək ki, 11 sentyabr 2001-ci ildə baş verən dəhşətli terror hücumundan şübhəli bilinən Zammar reportaj zamanı Əl-Qaida kamplarından başlayan, daha sonra İŞİD-in müharibə sahələrində davam edən və sonda Suriyanın ucqar köşəsində saxlanıldığı həbsxana həyatına qədər uzanan hekayəsini açıqlayıb.

Əlavə edək ki, Zammar 2001-ci ilin 11 sentyabr terror hücumundan sonra ilk dəfə mətbuata danışıb.

Əl-Qaidanın 11 sentyabrda Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə və Pentaqona edilən terror hücumunda əsas şübhəlilərdən biri olan Zammar hazırda Suriyanın Qamışlı ərazisində kürd terrorçularının nəzarət etdiyi həbsxanada saxlanılır.

Həm Almaniya, həm də Suriya vətəndaşı olan 57 yaşlı Zammar 10 yaşı olarkən ailəsi ilə birlikdə Almaniyaya köçüb.

Zammar ilk dəfə 1982-ci ildə İordaniyaya gedərək Suriyada Əsəd ailəsinə qarşı ayağa qalxan silahlı qruplaşmada təmsil olunub. Lakin az sonra İordaniya hökuməti onu ölkədən çıxarıb. Məhz burada Zammar Əl-Qaida lideri Eymen ez-Zavahirin Suriyadakı nümayəndəsi Əbu Xalid es-Suri ilə tanış olub və onun vasitəsilə 1991-ci ildə Əfqanıstana gedərək orada hərbi təlimlər keçib.

Əl-Qaida ilə əlaqələrini gücləndirən Zammar tez-tez Əfqanıstana və Londona səyahətlər edib, eyni zamanda Hamburqdakı məscidlərin birində özü üçün qruplaşma yarada bilib.

Zammar burada 11 sentyabr hücumuna görə həbs edilərək Quantanamoda saxlanılan Yəmən vətəndaşı Rəmzi Binalşib, daha sonra 11 sentyabrda təyyarələri qaçıran Məhəmməd Atta, Dünya Ticarət Mərkəzinin ikinci qülləsinə təyyarəni istiqamətləndirən Mervan eş-Şehi, Pensilvaniyada yerə düşən təyyarəni idarə edən Ziad Samir Zərrah və digər 4 nəfərlə tanış olub.

O dövrdə universitetdə təhsil alan bu gəncləri Əfqanıstana aparmaq istəyən Zammarın əlaqələri alman kəşfiyyatının diqqətindən qaçmayıb. Alman kəşfiyyatı və MKİ onu izləməyə başlayıb.

Araşdırmaçılar isə Zammarın liderliyində "Hamburq Hücrəsi” adı verilən bu qrupun 1999-cu ildə 11 sentyabr terror hücumunu hazırladıqlarını bildirərək qeyd edirlər ki,onun qrupla paralel olaraq Əfqanıstana getməsi təsadüfi ola bilməzdi.

Zmmar isə bildirib ki, Usame Bin Ladenlə 1999-cu ildə tanış olub, lakin 11 sentyabr hücumu haqqında ona heç nə deməyiblər.

11 sentyabr hücumlarından 3 ay sonra ortadan yox olan Zammar Mərakeş səfəri əsnasında həbs olunaraq Suriyaya verilib. 12 il ərzində Dəməşq yaxınlığındakı Sednaya həbsxanasında saxlanılan Zammar burada dəhşətli işgəncələrə məruz qaldığını və aylarla tək saxlanıldığını bildirib.

2013-cü ildə Suriya ordusunun Əl-Qaida aktivi Suri ilə müzakirələrindən sonra Zammar daxil olmaqla 6 nəfər azadlığa buraxılıb. Sonradan Zammar İŞİD-ə qoşulub.

Həbsxanada uzun illər qaldığı səbəbindən səhhətində ciddi problemlərin yarandığını qeyd edən Zammar əlavə edib ki, bu səbəbdən də İŞİD-də aktiv rol ala bilməyib.

İŞİD Suriya və İraqda geri çəkilməsi zamanı Zammarda terror təşkilatı ilə birlikdə hərəkət edib və Deyrizorda iki qadınla evlənib. Daha sonra İŞİD-dən ayrılaraq ailəsi ilə birlikdə ABŞ-ın nəzarətində olan PKK-nın yan təşkilatı olan YPG-yə təslim olub.

O, təslim olmasının səbəbləri haqqında danışarkən bildirib ki, çox xəstə olub, avtomobili belə olmayıb, xanımı hamilə imiş. Bu səbəbdən də təslim olmaqdan başqa şansı olmayıb.

Qeyd edək ki, Almaniya Zammar və "Hamburq Hücrəsi”ni 11 sentyabr hücumuna görə günahkar elan etsə də, ABŞ tərəfi onun haqqında konkret nəticəyə gələ bilməyib.

OXŞAR XƏBƏRLƏR