Cəmİyyət

10 illik vahimə, maşında doğranan körpələr, qatil sevgililərin sonu – Səbuhi Məmmədli yazır

10 illik vahimə, maşında doğranan körpələr, qatil sevgililərin sonu – Səbuhi Məmmədli yazır

 

Rusiya İstintaq Komitəsi şokdaydı: 20 qətl, 2 sui-qəsd, 10 quldurluq, 60 oğurluq... Hələ bu, bandit dəstəsinin vur-tut iki ildə, 2007-2009-cu illərdə törətdiyi cinayətlərin sayı idi. Dəstə isə 2013-cü ildə ələ keçmişdi. Bu o demək idi ki, dəstənin cinayətlərinin sayı daha çoxdu.

 

Hə, sonradan məlum olacaqdı ki, cinayətkarların boynunda təkcə 30 qətl var. Quldurluq və oğurluğun isə sayı-hesabı yoxdur.

 


 

***

 

Tale Arzu Tarverdiyevi Rusiyanın Rostov vilayətinin Aksay şəhərinə aparıb çıxarmışdı. Yerli tikintidə bir qədər işləyəndən sonra özünü bazara vermişdi. Burda da qərar tuta bilməmişdi. Sonradan gözətçi işləməyə başlamışdı.

 

Aksaya 90-cı ilin əvvəlində gəlib çıxmışdı Arzu. Elə həmin il də İnessa adlı qadınla tanış olub evlənmişdi. Onların Viktoriya adlı qızları dünyaya gəlmişdi.

 

1998-ci il, 28 fevral. Aksay.

 

Həmin gün Arzu xeyli içmişdi. Gözətçi otağında mürgüləyə-mürgüləyə televizora baxırdı. Qapının taqqıltısına ayağa qalxdı. "Kimdir” deməyi ilə atəşin açılması bir oldu. Ona bir neçə güllə dəymişdi, amma ölməmişdi. Aksay şəhər xəstəxanasının reanimasiya şöbəsinə çatdırılmışdı. Amma az sonra orada keçinəcəkdi. Ölməmişdən qabaq xırıltıyla bu sözləri deyəcəkdi: "O və ortaboylu keçəl…”.

 

O dediyi həyat yoldaşı İnessa idi, ortaboylu keçəl kişi isə İnessanın sevgilisi Roman Podkopayev. Sonradan, lap sonradan məhkəmədə məlum olacaqdı: İnessa və sevgilisi Arzunu gələcək planlarına mane olmamaq üçün qətlə yetiriblərmiş.

 

Onlar ilk cinayətlərini elə Aksayda törətmişdilər. Yerli məmurMixail Zlıdnevin evinə basqın edən cütlük onu və arvadını güllələyib, sonradan bıçaqla doğramışdılar. Evdən isə xəz kürk, dəri gödəkçə və televizor tüneri aparmışdılar.

 

Bir müddət ortalıqda görünməmişdilər. Cütlüyün növbəti qurbanı Aleksey Sazonov və Yuliya Vasilyeva olmuşdu. Gecə Rostov yolunda hərəkət edən avtomobili saxlayan İnessa və Roman Sazonovu və yanındakı Yuliyanı güllələmişdilər. Vasilyeva təsadüfən sağ qalmışdı. Onlar maşından cüzi miqdarda pul tapmışdılar.

 

Bu cinayətdən sonra İnessa və Romana Serqey və Anastasiya Sinelniklər qoşulmişdu. Və…

 

Və yeniyetmə Viktoriya. Arzunun qızı. O da artıq anası və atalığı ilə bir yerdəydilər. Atası Viktoriyanı həkim görmək istəyirdi. Amma tale onu ali məktəbə yox, anasının yanında qan tökməyə məhkum etmişdi.

 

***

 

Rostov vilayəti qorxu içindəydi. İnsanlar axşamlar çölə çıxa bilmirdi. Xüsusi ilə Aksay və Novoçerkassk şəhər sakinləri. Demək olar ki, bu şəhərlərin yerli polis idarələrinə hər gün qətl, quldurluq, oğurluq barədə məlumat daxil olurdu. Yerli FTX və polis aciz duruma düşmüşdü. Bu qurumların agentura şəbəkəsi belə heç bir informasiya toplaya bilmirdi.

 

Günlərin bir günü Novoçerkasskdan dəhşətli xəbər gəlir. Şəhərin kənarında İsayev soyadlı şəxsin evinə soxulan dəstə oradakıları güllələmişdi. 6 nəfəri qətlə yetirmişdilər. Evdən apardıqları isə qətlə yetirilənlərin pasportları, noutbuk, fotoaparat, videokamera, iki qadın çəkməsi və iki gödəkcə olmuşdu. Hə, bir də öldürülənlərin üstündəki pullar.

 

8 iyul, 2009-cu il.

 

Dəstə bu dəfə elə bir qətliam törədir ki…

 

Onlar həmin gecə Moskva-Rostov yolunda podpolkovnikDmitri Çudakovun avtomobilini saxlayırlar. Avtomobildə Çudakovla birgə onun xanımı və iki uşağı da olur. Podpolkovnik Nijni Novqoroddan Qroznıya, xidmət yerinə gedirmiş. Avtomobili saxlayan quldurlar dərhal atəş açmışdılar. Podpolkovnik və arvadı yerindəcə ölmüşdü. Uşaqlar isə yaralıymış. Dəstə üzvlərindən heç kim uşaqları öldürməyə ürək etmir. Onda məhz İnessa Tarverdiyeva və qızı Viktoriya vəhşi kimi bağıraraq əlindəki bıçaqla uşaqları doğramağa başlayıblar. Lap sonradan ekspertiza müəyyən edəcəkdi: Körpəyə 37 bıçaq vurulmuşdu. Mistikadı, nədi - sonradan o da məlum olacaqdı ki, podpolkovnik Çudakov həmin vaxtadək 37 dövlət mükafatına layiq görülübmüş. Podpolkovnikin qızının da adı Viktoriya imiş.

 

Maşından isə fotoaparat, fen və 43 min rubl götürülür. Maraqlısı odur ki, qətlə yetirilənlərin üzərində olan zinət əşyalarına toxunmurlar.

 

Çudakovun və ailəsinin qətli o qədər böyük rezonans doğurur ki, Moskvadan xüsusi qrup göndərilir Rostov vilayətinə. Aksay və Novoçerkasskda FTX-nin, DİN-in əlahiddə və fövqəladə qrupu gecə-gündüz işləyir. Amma yenə də qətllər, quldurluq, oğurluq ard-arda davam edir.

 

19 sentyabr 2012-ci ildə Novoçerkasskda stomatoloji klinikaya basın olunur. İki mühafizəçi öldürülür, onların silahları ələ keçirilir.

 

Az sonra həmin silahla yerli iş damı Vadim Lojkov öldürülür. Bir qədər sonra avtomobil müfəttişi Nikolay Kutsenko onların qurbanı olur. Kutsenkonun avtomobili oğurlanır. Ard-arda o qədər qətllər, ölümlər baş verir ki…sonradan məhkəmədə İnessa Tarverdiyeva deyəcəkdi: "1998-ci ildən öldürürəm. Nə qədər adam öldürdüyümü unutmuşam. Amma indi də öldürməyə hazıram”.

 

8 sentyabr, 2013-cü il.

 

Viktoriya ögey atası Romanla Aksayda şəhər kənarındakı bir evə soxulurlar. Sən demə, evdə ahıl bir kişi yaşayırmış. Evdə ələ keçəsi heç nə tapa bilməyən ata-bala…stolun üstündəki və soyuducudakı yeməyi və ərzaqları götürüb, oranı tərk edirlər. Amma gəldikləri maşınla aradan çıxmaq istərkən, təsadüfən həmin həndəvərdə olan Şaxovoy və Laqoda soyadlı iki polislə qarşılaşırlar. Onları "dur” əmrinə məhəl qoymayan Viktoriya atəş açır. Şaxovoy öldürülür. Laqoda sərrast atəşlə Romanı vurur. Viktoriyanı isə saxlaya bilir.

 

***

 

...Viktoriyanın ilkin ifadəsindən sonra İnessa həbs edilir. Az sonra dəstənin digər üzvləri Sergey və Anastasiya Sinelniklər də ələ keçir.

 

İstintaq zamanı İnessanın evindən 30-dan çox odlu silah, qumbara və onlarla bıçaq tapılıb. Həmin bıçaqların çoxunun qanı belə təmizlənməyibmiş.

 

Dəstə 95 cinayətdə ittiham olunur. Məhkəmə prosesi 4 il uzanır. Nəhayət, 2017-ci ilin dekabrında Rostov vilayət məhkəməsi İnessa Tarverdiyevanı 21, onun qızı Viktoriyanı 16, Anastasiya və Sergey Sinelnikovları 16 və 20 il müddətinə azadlıqdan məhrum edir.

 

Son söz əvəzi...

 

İnessa məhkəmədə verdiyi ifadəsində belə demişdi:

 

"Arzunu mən öldürməmişdim. Roman tək getmişdi. Mənə dedi, istəyirsənsə, onu öldürüm, dedim hə. Sevgilim idi. Xətrinə dəyə bilməzdim. Hə, mənim bir sevgilim də vardı. Polis Yerşov. Bir gün gördüm ki, o, qonşuluqdakı qızın yanına gəlib. Bu, heç açmadı məni. Romaya dedim ki, get onu öldür. Amma bu dəfə özüm də getdim. Və beləcə, başladı...”

 

Başladı...Və onlarla insanın taleyi yarıda qırıldı. Bu manyak qadın, onun qızı, elə digərləri də...bir neçə ildən sonra azadlığa çıxacaq... Bu qədər qətldən, quldurluqdan sonra...


XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031