"... ŞAİR XOŞBƏXT OLANDA ŞEİR YAZA BİLMİR"

 Dəfələrlə ümumşəhər bədii qiraət və şeir müsabiqələrinin qalibi maraqlı mətləblər açıqladı
 

-Neçə yaşınızdan şeir yazırsınız? 

-Şeirə, şeiriyyata marağım uşaqlıqdan var. Düzünü desəm, ilk dəfə əlimə qələm alıb şeirin qafiyələrini düzməyə çalışanda yaşca o qədər kiçik idim ki, ilk qələm təcrübəmin neçə yaşında olduğunu belə unutmuşam. Ancaq xatırlayıram ki, ilk şeir kitabçam çapdan çıxanda 14-15 yaşım ya olardı, ya da yox. 

-İlk şeiriniz hansı mətbu orqanda və neçənci ildə işıq üzü görüb?

- Sumqayıt Təhsil Şöbəsinin o zamanlar işıq üzü görən "Sabah xəbərləri" adlı mətbu orqanı var idi. İlk dəfə 2006-cı ildə "Oyan ey, dünya" şeirimlə mətbuat səhifələrinə çıxmışam.

-Bir gənc olaraq gənc şairlərə yaradılan şəraitdən bəhs edərkən nələri qeyd edə bilərsiniz? Sizcə, bu gün ədəbiyyatın gənc simalarına özlərini göstərmək üçün verilən meydan, yaradılan şəraiti qənaətbəxş saymaq olarmı?

-Hesab edirəm ki, bu gün nəinki ədəbi mühitdə, ümumiyyətlə ölkədə gənclərin özlərini sübut etmələri üçün heç bir əngəl yoxdur. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin nəzdində "Ulduz" jurnalı fəaliyyət göstərir, çap olunur ki, həmin orqanda sırf gənc ədəbiyyat nümayəndələrinə yer verilir. O cümlədən, Respublikada işıq üzü görən istənilən mətbu orqan və kütləvi informasiya vasitəsində öz imkanlarımızı maksimum şəkildə sərgiləməyimiz üçün onların qapıları bizim üzümüzə hər zaman açıqdır. Bundan başqa Yazıçılar Birliyi hər il 20 "gənc qələm əhlini" Prezident təqaüdünə layiq görülməyi üçün qeydiyyata alıb, müvafiq qurumlara göndərir. Bütün bu sadalananları göz önündə tutaraq, gənclər üçün hər bir şəraitin yaradıldığını söyləyə bilərəm. 

-Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Evində fəaliyyətinizi necə qiymətləndirirsiniz? Sizin daha da püxtələşəyinizdə poeziya evi hansı rola malikdir?


-Mənim ilk əmək fəaliyyətim hazırda da çalışdığım Sumqayıt poeziya evi ilə bağlıdır. Gənc şair kimi öz inkişafımı adıçəkilən məkanla sıx bağlı sayıram. Mənim bu günə qədər püxtələşib özümü ədəbi mühitdə tapmağımda buranın rolu əvəzsiz və danılmazdır. Poeziya evində qonaq olan istər yerli, istərsə də əcnəbi şair və yazıçılarla sıx dostluq münasibətləri qururuq, daima onlardan nələrisə öyrənməyə çalışırıq. Elə olur ki, şeirlərimizi oxuyub hədsiz bəyənən ədiblər yazılarımızı bəzən bizdən xəbərsiz Türkiyədə, İranda və digər ölkələrdə çap etdirirlər. Hesab edirəm ki, bunun özü qocaman şairlər tərəfindən bizə verilən ən böyük qiymətdir. 

-Sizi şeir yazmağa, yaratmağa nə ruhlandıra bilər? Yazıb yaratmaq üçün ilham mənbəyiniz nədir?

-Hər şairə görə ilham mənbəyi müxtəlif ola bilər. Düşünürəm ki, şair xoşbəxt olanda şeir yaza bilmir. Necə ki, insan xoşbəxt olanda Allahı belə unuda bilir, şair də azca xoşbəxtliyə çatan kimi şeiri unudur. Nə zaman ki, qayğılar, sıxıntılar xoşbəxt duyğulara güc gəlir, elə onda şair yenidən "qələmə sarılmağa" başlayır. Mənim üçün ilham mənbəyi şairin xoşbəxtliyə can atmasıdır. Təbiət möcüzələri və ya qadın gözəlliyindən ilham alan şairlər var. Ancaq ən gözəl şeirlər dərddən- qəmdən yaranır. Düzdür, indi adını xatırlamıram bu fikri söyləyən şəxsin, ancaq   bu sözə sübut kimi deyim ki, müdriklərdən biri belə deyib: "Şairlərə inanmayın, onlar sizə şeir həsr etmək üçün sizdən ayrılarlar". 

-Qələmə aldığınız ən sevdiyiniz şeiriniz hansıdır?

-Düzü, bu haqda əvvəllər fikirləşməmişəm, ancaq düşünürəm ki, şairin ən sevdiyi şeiri yazdığı sonuncu şeiri olmalıdır. Çünki belə olduqda o, daha da ürəkdən, qəlbdən çalışacaq ki, növbəti qələm işi də ən az sonuncu şeiri kimi yaddaqalan və sevilən alınsın. Lakin dostların düşüncəsinə görə, mənim ən gözəl şeirim doğma Sumqayıtın 70 illik yubileyinə həsr etdiyim şeirdir. Elə bir çox uğuru da məhz o şeirə görə qazandığımı söyləyə bilərəm. 

- Yeri gəlmişkən, bəlkə o şeiri oxucularımızla da bölüşək.

- Bəli, niyə də yox?


Hamının hər səfərdən geri döndüyü yer var..

Bizi də varlığıyla tamamlayan şəhər var.

Günəşini Xəzərdən salamlayan şəhər var.

Dərdini başqa  yerdə ovuda bilmir adam,

Burda öz sevdiyini unuda bilmir adam.

Küçələri upuzun, ayrılıqları qısa,

Qarşılaşır hardasa...

Gözəlləşir günbəgün, çiçəklənir ilbəil,

Bu gün dünənki deyil, sabah bu günkü deyil.

Kiçik məhəllələrdən böyük şəhərə dönüb.

Fəhlələrin şəhəri "Möcüzələr"ə dönüb.

Dəqiq xatırlamıram mən o həmin illəri,

Uşaqlığımdan bəri 

Bir ağ göyərçin qonub dənizin sahilinə.

Hamı tamaşa edir bu ağ donlu gəlinə

Onu hər an qoruyan, arxasında dayanan

Xəzər adlı qardaşın başının tacıdır o.

Bir ovuc dənin deyil, sülhün, saf məhəbbətin,

Dostluğun acıdır o.

Onu ucaldanların ağarmış saçıdır o.


Bu möhtəşəm şəhərin sülh olsa da nişanı

Böyüdü yavaş-yavaş Şəhidlər Xiyabanı.

Böyüdü böyüməmiş, gör necə də böyüdü.

Özü də Göyərçinlə bir həyətdə böyüdü, 

bir küçədə böyüdü.

Burda çox şəhidlərə canlı tarix yazıldı.

Şanlı şəhərimizə şanlı tarix yazıldı.

Üstündən əskilmədi böyüklərin nəzəri,

Doğrultdu öz adını:

"İstedadlı  gənc qızlar, gənc oğlanlar şəhəri"-

Qəhrəmanlar şəhəri.


O vaxtkı fəhlələrin yenə qoruyur səni,

Həmin əllərdəsən sən.

Səni quran kişilər nigaran olmasınlar,

Əmin əllərdəsən sən !!!


- Toplumda gənc şair və yazıçılara olan yanaşma sizi qane edirmi? Və bir də bəs gənclərin istedadını necə qiymətləndirirsiniz?

- Cəmiyyətdəki yanaşma tərzinə toxunsaq, əslində, burada qeyri-adi heç nə yoxdur. İnsan şeir yazır deyə xalq ona xüsusi imtiyaz verəsi deyil. Əgər bir adam düşüncələrini qulağa xoş gələn qafiyələrlə kağıza köçürürsə, bu onun daxili aləminin zənginliyindən xəbər verir. Xalq gəncləri oxuyur, qiymət verir, ən azından bunu danmaq olmaz. Bir çox gənc şair və yazıçılarımız mötəbər yerlərdə çalışırlar.  İstər xalq, istərsə də dövlət tərəfindən gənclərin qələminə diqqət göz önündədir. Bu gün istər şəhərimizdə, istərsə də Respublikada gənc istedadlı qələm əhli kifayət qədərdir. Bu dəqiqə onların adlarını sadalasaq, böyük bir siyahı ortaya çıxa bilər. 

- Poeziya sizin üçün nə deməkdir? Şeirin gücünü nədə görürsünüz? 

- Sualın ilk hissəsi çox qəlizdir. Bu suala heç vaxt dəqiq cavab vermək mümkün olmayıb. Verilən cavabların əksəriyyəti də heç vaxt mütləq cavabı əks etdirməyib. Çünki bu, birbaşa olaraq subyektiv məna daşıyır. Bu sual hər kəsdə öz dünyagörüşünə görə cavab tapır. Poeziya hər kəs üçün müxtəlif ola bilər. Misal üçün  yağışın səsi, mehriban insanların bir-birilə toqquşdurduğu badənin cingiltisi, dənizin dalğaları və s. bunların hamısı müxtəlif şairlər üçün fərqli mənalar ifadə edə bilər. Şeirin gücü isə yaşanan duyğuların böyüklüyündə, hansı məqama təsadüf etməyindədir. 

- Hansı mövzuda yazacağınıza necə qərar verirsiniz? 

- Məncə, şeir yazmaqdan söhbət gedirsə, hansısa qərardan danışmaq əbəsdir. Mənə görə şeir Yaradanla şair arasında olan təmasdır, şeir ibadətdir. İbadətdə isə heç bir qərardan söhbət gedə bilməz, çünki bu, inanc məsələsi, ruh məsələsidir. 

- Siz son parlament seçkilərində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər 43-cü seçki dairəsindən namizədi Emin Hacıyevin vəkili idiniz. Görüşlərdən birində - Uşaq İncəsənət Məktəbində seçicilərlə keçirilən görüşdə iştirak edirdim, oradakı çıxışınz çox böyük maraqla qarşılandı...

- Çox sağ olun. Seçicilər namizədimizi dəstəklədi və o, bu seçkidə çoxluğun səsini əldə edərək qalib gəldi. Yeri gəlmişkən, Emin müəllimi bu uğur münasibətilə təbrik edirəm.

- Siz şair olmaqla yanaşı bəstəkar kimi də fəaliyyət göstərirsiniz. Mahnılarınıza kliplər də çəkdirirsiniz. Özünüzü daha çox şair yoxsa bəstəkar hesab edirsiniz? 

-Xeyr, mən qətiyyən özümü bəstəkar saymıram. Sadəcə olaraq, bir-iki şeirimə musiqi bəstələmişəm. Bəstələmək əslində, çox iddialı çıxır. Belə deyək ki, şeirin musiqi varinatına düşməsi üçün, qulağa xoş gəlməyi üçün notların köməyindən istifadə etmişəm. Bunların hamısı əslində həvəsdən qaynaqlanan hallardır. Müğənnilik xüsusi istedad və təhsil tələb edir. Mən isə özümdə nə o istedadı görürəm, nə də ki, musiqi təhsilim var.

- Bir neçə gün öncə 27-ci doğum gününüzü qeyd etdiniz…

- Yeni yaşa qədəm qoydum. Mənim üçün əlamətdar olan günlər ərəfəsində məni yada saldığınız üçün "168 saat" qəzetinə minnətdarlığımı bildirirəm. Bu yaş məni daha da şövqlə yazıb yaratmağa ruhlandırır. 

- Biz də sizi təbrik edir, həyatda və yaradıclıqda yeni-yeni uğurlar arzulayırıq.

(" 168 saat" qəzeti)

Söhbətləşdi: Səbuhi Allahverdizadə



OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Çexiyadakı beyin mərkəzlərini Ermənistanla normallaşma prosesi barədə MƏLUMATLANDIRIB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində beyin mərkəzləri ilə görüşdə çıxış edib.   Sfera.az xəbər verir k...

"Aston Villa" ilə müqaviləni uzatdı, "Barça"ya "yox!" dedi 

İspaniyalı mütəxəssis Unai Emeri Birmingem "Aston Villa" ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.   Sfera.az bildirir ki, daha əvvəl məşq...

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazi...

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” KEÇİRİLƏCƏK

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.   Bunu Sfera.az-a Azə...

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...