“ Bizə AZTV-də qadağalar qoyulmayıb”

“ Bizə AZTV-də qadağalar qoyulmayıb”
"AZTV-də ilk dəfə yeni bir formatda həftəiçi 5 gün insanların qarşısına çıxıram. 5 ildir sağlamlıq proqramı aparırdım. Lakin 1996-cı ildən bu sahədəyəm, siyasətdən başqa bütün formatda olan verilişlərin aparıcısı olmuşam, hətta radioda olan xəbərləri belə idarə etmişəm. Ona görə də mənim üçün adaptasiya olmaq çətin olmadı.”

Sfera.az bildirir ki, bu sözləri axşam.az-a "Gün başladı" proqramı ilə AZTV-də işə başlayan aparıcı Xədicə Sənanqızı söyləyib.

O, dövlət televiziyasındakı dəyişikliklərdən də söz açıb:

"Bilirsiniz ki, rəhbərlikdən tutmuş, proqramlaradək AZTV-də dəyişikliklər gedir. Onların təklifini qəbul etdim. Çox da məmnunam. Reytinqlər barədə məlumatım yoxdur, bunu televiziya izləyicilərinin öhdəsinə buraxıram. Ən xoş məqam odur ki, xaricdən belə mənə yazırlar. Orada yaşayan azərbaycanlılar bizi izləyir. Əslində, bütün proqramlarda qonaqlar var, amma müəyyən konsepsiyanı qoruyub saxlamaq istəyirik ki, istedadlı gəncləri üzə çıxaraq.

Müxtəlif sahələrdə uğur əldə edən insanları hər kəsə nümayiş etdirmək istəyirik. AZTV-də bizim üçün hər şey təşkil edirlər, hansısa qadağalar qoyulmayıb. Əksinə, qadağada olan insanlar da bizim verilişdə iştirak edirlər. Bu yaxınlarda ölkənin ən parlaq ulduzu Röya xanım da qonağımız oldu. Səhər saat 11-də təyin olunan vaxtdan daha tez pavilyonda idi. Bu, o deməkdir ki, o, kaprizlərini kənara qoyub gəlmişdi. İstedadlı insanların üzünə qapımız açıqdır".


OXŞAR XƏBƏRLƏR